Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin anım günüdür. Onun vəfatından dörd il ötür.
Lütfi Zadənin son anına kimi yanında olmuş ailəvi dostu, professor Şahnaz Şahbazova Modern.az-a mərhum alimin ailəsi barədə danışıb.
Lütfi Zadənin yeganə oğlu Norman Zadənin nə üçün atasının məzarını ziyarət etməməsi haqda sualı cavablandıran Ş.Şahbazova “Onun ailə üzvü mənəm” deyib.
“Bu gün Fəxri Xiyabana gedərək, onun məzarını ziyarət etdim. Lütfi Zadənin ailə üzvü təkcə mənəm. Mən gedəndə heç kim yox idi. Yasin oxutdurdum, onun ruhunu yad etdim. Lütfi Zadənin mənim qəlbimdə fərqli yeri var. Bu gün mənim üçün çox çətin gündür. Çünki illər əvvəl onun gözlərini mən özüm bağlamışdım. Bu gün onun ailəsi mənəm”.
Qeyd edək ki, Lütfi Zadənin oğlu Norman Zadə atasının anım günü ərəfəsində özünün sahibi olduğu jurnalın sonuncu sayında onun barəsində yazı dərc etdirib. ABŞ-da nəşr olunan “Perfect 10” adlı jurnalda Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsindən bəhs olunub.
Lütfi Zadə 2017-ci il sentyabrın 6-da vəfat edib. Onun cənazəsi Amerikadan Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.
Fidan İlqar