Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov vəzifəsindən gedir. Artıq onun xidmət müddətinin başa çatdığı bildirilir.
10 aya yaxındır ki, Qarabağda sülhməramlı qüvvələrə rəhbərlik edən Muradovu kimin əvəzləyəcəyi hələlik məlum deyil.
Bundan öncə bəzi KİV-də yer alan xəbərlərdə Muradovun Cənubi Hərbi Dairə komandirinin müavini Aleksey Avdeevlə əvəzlənəcəyini iddia olunurdu. Rusiya tərəfi isə bununla bağlı hər hansı açıqlamaya yaymayıb.
Bəs Rüstəm Muradov xidməti dövründə nə ilə yadda qaldı? O öz missiyasını yerinə yetirə bildimi?
Ermənilərin də rus generaldan razı qalmadığı məqamlar var…

Milli Məclisin deputatı Arzu Nağıyev Modern.az-a bildirib ki, Muradovun rəhbərlik etdiyi kontingent Azərbaycana elə bir ciddi yardım etməyib:
“Sülhməramlı qüvvələrin qarşısına qoyduğu məqsəd münaqişə tərəflərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Noyabr ayından bəri elə də böyük toqquşma olmadı və sülhməramlılar buna müdaxilə etmədi. Hətta deyə bilərik ki, bəyannamədən sonra ərazimizə keçən erməni əsgərlərinin saxlanılmasında onların müdaxiləsi olmadı. Bu baxımından Muradov zabit kimi yaddaqalan oldu. Digər məsələ əsir və girovların dəyişdirilməsində müəyyən addımlar atdı, öz işini görə bildi. Belə məqamda müəyyən əlaqələrin qurulması vacib idi, bu baxımdan bəzi işlər görüldü. Təbii ki, bizi razı salmayan məqamlar da vardı. Demək olar ki, separatçıların başçısı ilə görüşlər, onlara qarşı humanist addımların atılması və digər məsələlər Azərbaycanı razı sala bilməzdi. Ümumi götürəndə erməni tərəfinin də Muradovdan razı qalmadığı məqamlar çoxdur. Lakin missiyanın yerinə yetirilməsində Rüstəm Muradovun adı çox hallanmadı. Onun rəhbərlik etdiyi kontingent Azərbaycana elə də yardım etmədi. Problemlər həddən artıq çoxdur, hələ qabaqda görüləcək işlər var. Əsas olaraq Laçın dəhlizinə nəzarətdə biz tam razı qala bilməzdik”.
Muradov istəsə də, qəti addım ata bilməzdi…

Deputat Hikmət Babaoğlu isə bildirib ki, Rüstəm Muradov hərbçi kimi öz vəzifəsini yerinə yetirmiş oldu:
“Biz yalnız Azərbaycan ərazisində müvvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının ümumi fəaliyyəti kontekstində Muradovun fəaliyyətini qiymətləndirə bilərik. Sülhməramlıların fəaliyyəti zaman-zaman öz missiyasından çıxmaqla Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olurdu. Buraya Laçın dəhlizindən Azərbaycan ərazisinə qeyri-qanuni daxilolmalardan tutmuş, qanunsuz olaraq müxtəlif təyinatlı yüklərin daşınmasına qədər, habelə, sülhməramlıların səlahiyyət zonasında hələ də mövcud olan erməni terrorçularının ərazimizdən çıxarılmamasından erməni yeniyetmələrin hərbi təlimə cəlbedilməsinə qədər çoxsaylı pozuntular daxildir. Üstəlik sülməramlı kontingentin internet səhifələrində yer adlarımız da bəzən təhrif edilir, ya da 10 noyabr 2020-ci il üçtərəfli razılaşmada sülhməramlılar üçün müəyyənləşdirilmiş missiyadan sapmalar olurdu. Ən pisi isə odur ki, bənzər hallar indi də davam edir.
Məsələn, hələ də sülhməramlıların müvəqqəti səlahiyyət zonasından hərbçilərimizin mövqeləri atəşə tutulur. Axı 10 noyabr razılaşmasına əsasən sülhməramlıların gəlməsinə paralel olaraq erməni silahlı terrorçuları ərazilərimizi tərk etməli idi. Hamımız bilirik ki, Rusiya sülhməramlıları istəsələr təxribatların qarşısını dərhal ala bilərlər. Ancaq məsələ ondadır ki, Muradov istəsə də ali komandanlıqdan əmr gəlməyənə qədər heç bir qəti addım ata bilməz. Buna görə də onun fəaliyyəti müstəqil olaraq qiymətləndirilə biləcək xidmət deyil. Qaldı ki, xırda detal və təfərrüatlara, biz bunu yalnız Rusiya sülhməramlılarının yeni təyin ediləcək komandirinin fəaliyyəti ilə müqayisə etmək imkanlarımız olanda qiymətləndirə bilərik” .
General Muradovun dəyişdirilməsi labüd idi…

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Muradovun gedişi gözlənilən idi:
“Müvəqqəti olaraq Azərbaycan ərazilərində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov vəzifəsindən azad edilib. Əslində sülhməramlı kontingentin komandanlığı, bəzən isə bütün heyəti hər 6 aydan bir dəyişdirilməlidir, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla da bilər. Hələ may ayında Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyi gözlənilirdi. Həmin dövrdə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etsə də, Rüstəm Muradovun Bakının erməni terrorçularını verməməsinə və İrəvana əliboş qayıtmasına görə Paşinyanın komandasını günahlandırması yadımızdadır.
Bu dəfə Muradovun dəyişdirilməsi labüddür. Artıq təhvil-təslim prosesi başlayıb. Onu kimin əvəz edəcəyi məlum deyil, amma daha əvvəl elan olunan namizəd, Rusiya Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin edilməsi mümkündür. İnanırıq ki, Avdeyev vəzifələrinin icrasına Muradov kimi səhlənkar yanaşmayacaq, üçtərəfli Birgə Bəyanatın şərtlərinin, o cümlədən müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən terrorçuların çıxarılmasını təmin edəcək”.