Modern.az

Əsas məqsəd milli dəyərlərin dərk edilməsi olmalıdır

Əsas məqsəd milli dəyərlərin dərk edilməsi olmalıdır

Aktual

7 Sentyabr 2021, 15:58

Bu gün dünyada mövcud olan reallıqlar, müasir informasiya və kommuniyasiya texnologiyalarının bir çox hallarda ayrı-ayrı xalqların milli mədəniyyətini, dəyərlərini, ənənələrini, tarixi köklərini unutdurmaq, onları assimilyasiya etmək üçün vasitəyə çevrilməsi bizi gənc nəslin tərbiyəsinə daha həssas yanaşmağa vadar edir.

 

Bunu Modern.az-a açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən səsləndirdiyi fikirlərə və tövsiyyələrə diqqət çəkən millət vəkili qeyd edib ki, bir xalq olaraq inkişafımızın gələcəyi dövlətimizin başçısının gənc nəslin tərbiyəsi ilə bağlı müəyyənləşdirdiyi yol xəritəsindən asılıdır:

 

“Olduqca həssas bir bölgədə yaşayırıq. Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra cərəyan edən proseslər də sübuta yetirir ki, illər öncə gənc nəslin tərbiyəsi ilə bağlı Ümummillli Lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin davam etdirdiyi güclü dövlət-güclü vətəndaş strategiyası davam etdirilməli, gələcəyimizin təminatçısı olan gənclərimizin tərbiyəsi bütün istiqamətlərdə prioritet sayılmalıdır. Təsadüfi deyil ki, məhz bu strategiya əsasında, azərbaycançılıq ruhunda tərbiyə olunan gənclərimiz əldə etdiyimiz Zəfərdə müstəsna rol oynadılar, misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdilər. Cənab Prezident öz çıxışında qeyd etdi ki, gənclərimiz ənənəvi dəyərlərimiz əsasında tərbiyə almalıdırlar. “Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır”. Göründüyü kimi Prezident İlham Əliyev çox mühüm məqamlara diqqət çəkib. Bəzən “müasirlik” adı altında aparılan təbliğatın əsas hədəfi gəncləri ənənəvi dəyərlərdən – ailə, Vətən, dövlət, bayraq sevgisindən uzaq salmaqdan, onları öz xalqının, torpağının təəssübünü çəkməyən, manqurtlaşmış bir kütləyə çevirməkdən ibarət olur. Belə gənclik isə heç zaman öz torpağına, Vətəninə, dövlətinə, dilinə, bayrağına sahiblənə bilməz. Məhz bu baxımdan da, Azərbaycan Prezidenti qeyd edir ki, gənclər savadlı, bilikli və eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalı, milli dəyərlərimizi dərk etməli, onları yaşatmalıdırlar”.

 

Deputat qeyd edib ki, milli dəyərlərin təbliği gənc nəslin tərbiyəsində önəmli rol oynasa da, əsas məqsəd bu dəyərlərin dərk edilməsi olmalıdır:

 

“Əgər milli dəyərlər, ənənələr, milli identikliyimizi təşkil edən digər amillər dərk edilmirsə, o zaman onları təbliğ etməyin də heç bir anlamı olmur. Bu səbəbdən də gənc nəslin Azərbaycan xalqının dəyərlərinə öz dünyagörüşünün ayrılmaz bir hissəsi kimi yiyələnməsi vacib şərtdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı