Sentyabrın 7-də ASOSAI təşkilatının XV Assambleyası keçirilib.
Hesablama Palatasından Modern.az-a verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar ilk dəfə onlayn şəkildə keçirilən Assambleya Tailand Krallığının Ali Audit Qurumu tərəfindən təşkil edilib.
Assambleyada Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Rəsmi açılış tədbirindən sonra, Plenar Sessiyanın gündəliyi və İdarə Heyətinə və Audit Komitəsinə üzvlük kimi məsələlər müzakirə olunub. Tədbirin davamında ASOSAI-ın Strateji Planın icrası barədə hesabat və növbəti Strateji Planın təqdimatı, Baş Katibliyin hesabatı və digər hesabatlar təsdiq edilmiş, yeni İşçi Qrupların yaradılması, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupun yaradılmasının təsdiq edilməsi, İdarə Heyətinə və Audit Komitəsinə üzvlərin seçilməsi prosesi həyata keçirilib.
Daha sonra, ASOSAI-ın XVI Assambleyasına ev sahibliyi edəcək qurumun müəyyən edilməsi, İdarə Heyətinə yeddi yeni üzvün, həmçinin yeni kənar auditorların seçilməsi kimi məsələlər müzakirəyə çıxarılmışdır. ASOSAI-ın İdarə Heyətinə Türkiyə, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Malayziya və Filippin AAQ-ları yeni üzvlər olaraq seçilib.
ASOSAI-ın XV Assambleyasında iştirak edən bütün üzv AAQ-ların səsverməsi ilə Azərbaycan Respublikası Hesablama Palatası 2021-2024-cü illər üzrə ilk dəfə olaraq ASOSAI-ın Audit Komitəsinə üzv seçilib.