Modern.az

Nərimanovun zibilxanaya atılan büstünün aqibəti necə olacaq?

Nərimanovun zibilxanaya atılan büstünün aqibəti necə olacaq?

Aktual

7 Sentyabr 2021, 17:56

Ermənistan 30 illik işğal dövründə şəhər və kəndlərimizi xarabalığa çevirməklə kifayətlənməyib, təbii sərvətlərimizi və tarixi abidələrimizi də talan edib. Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər addımında erməni vəhşiliyinə rast gəlmək olar.

 

Sərhəd tanımayan erməni barbarlığının növbəti qurbanı Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, publisist Nəriman Nərimanovun büstü olub. Vəhşi düşmən işğal dövründə Nərimanovun Kəlbəcər rayonunun İstisu qəsəbəsində ucaldılmış büstünü güllələyib, daha sonra onu dağıdaraq zibilliyə atıb.

 

Bu yaxınlarda Kəlbəcərə səfər edən əməkdaşımız həmin faktı lentə alaraq, Ermənistanın daha bir vəhşi əməlini üzə çıxarıb. (Ətraflı məlumatla buradan tanış ola bilərsiniz)

 

Nərimanovun İstisudakı büstü nə vaxt qoyulmuşdu? Aqibəti necə olacaq?

 

Qəsəbənin icra nümayəndəsi İlqar İsayev Modern.az-a bildirib ki, Nəriman Nərimanovun büstü təxminən 1970-ci illərdə hazırlanıb:

 

“Həmin büstün qoyulduğu ərazi əvvəllər park olub. Nəriman Nərimanovun büstü 70-ci ildə SSRİ dövründə ucaldılıb. Mən şəxsən işğaldan əvvəl bu büstü görmüşdüm. Hətta insanlar oranı ziyarət edirdilər. İşğaldan sonra büstün aqibətindən xəbərimiz olmayıb. Ermənilər digər heykəllərimiz, abidələrimiz kimi İstisudakı büstü də dağıtmaqla əsl xislətini ortaya qoyub”.

 

Büstün müəllifinin kimliyinə gəlincə, İlqar İsayev bu barədə dəqiq məlumata malik olmadığını söyləyib.

 

O, həmçinin qeyd edib ki, Şuşada güllələnmiş heykəllər kimi Nərimanovun güllələnmiş büstü yenidən bərpa olunaraq, əvvəlki yerinə qaytarıla bilər. 

 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayaraq, büstün bərpa olunub-olunmayacağını dəqiqləşdirməyə çalışdıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, müraciətimiz araşdırılacaq və tez bir zamanda ətraflı açıqlama veriləcək.

 

Humay İsgəndərova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı