Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov vəzifəsindən gedir. Onun xidmət müddətinin başa çatdığı bildirilir.
Qarabağda sülhməramlı qüvvələrə rəhbərlik edən Muradovu kimin əvəzləyəcəyi hələlik rəsmən açıqlanmayıb. Lakin iddialara görə, bu posta Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini, general-mayor Mixail Kosobkov gətirilə bilər. Hazırda Kosobkovun təyinatı barədə müzakirələr aparılır.
Azərbaycanın yeni sülhməramlı komandandan əsas tələbi nə olacaq? O, Muradovun hansı səhvlərini təkrar etməməlidir?
Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, sülhməramlılara əsas göstəriş Moskvadan gəlir, hər şey onlardan asılıdır:
“Yəni hərbçilər əmrləri yerinə yetirir. Moskvadan gələn əmrlər ondan ibarətdir ki, maksimum məsələni uzatsınlar. Onlar üzərlərinə düşən əsas vəzifələri yerinə yetirə bilmədilər. Bizim Muradovdan gözləntilərimiz onsuz da çox deyildi. O, əvvəlcə Abxaziyada bazanın komandiri olub. Rusiya gərək onu Qarabağa göndərməyərdi. Ona görə ki, Azərbaycan və Gürcüstan arasında gərginlik yaratmağa ehtiyac yoxdur. Rusiya və Gürcüstanın münasibətləri 2008-ci ildən bəri korlanıb. Həmçinin Muradovu separatçı qüvvələr də dəstəkləyirdi. Onun Qarabağda sülh yaratmaq missiyası Rusiyanın çirkin addımlarından xəbər verir”.

Ekspert hesab edir ki, son vaxtlar Rusiyanın xoşagəlməz addımlara yol verir.
“ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri İqor Xavayevin separatçıların başçısı ilə görüşməsi özbaşına deyildi. O, birbaşa Putin və Lavrovdan göstəriş almışdı. Deməli, Rusiya regionda separatçıları dəstəkləməklə məşğuldur? Kim gəlir, gəlsin. O adam nə edəcək? Ona göstəriş verən şəxslər başqadır. Amma gedən general da bilməlidir ki, öz missiyasını yerinə yetirə bilmədi. Az qalsın Qırmızı Xaç Komitəsinin işlərini görürdü. Əsirləri bir-bir Yeravana daşıyırdı. Onun əsas işi bölgədə sabitliyi təmin etmək idi, amma etmədi. Çünki ona və rəhbərinə sərf etmir. Bu da ondan xəbər verir ki, tarixdə rus sülhməramlıları ən uğursuz sülh yaradan olacaq”,- deyə hərbi ekspert vurğulayıb.