Modern.az

Beynəlxalq yarışın qalibi: “Gənclər Fondunun təqaüdçüsü olaraq etimadı doğrultmağa çalışıram”

Beynəlxalq yarışın qalibi: “Gənclər Fondunun təqaüdçüsü olaraq etimadı doğrultmağa çalışıram”

Aktual

9 Sentyabr 2021, 10:00

Hüseyn Qəmbərov Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsidir. O, ötən ay "WorldSkills Asia" tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edərək böyük uğura imza atması ilə tanındı.  Azərbaycanın ilk dəfə qatıldığı bu nüfuzlu yarışda BANM-in tələbəsi 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə IV yeri qazandı və Azərbaycanın adını Cənubi Koreya və Rusiyadan sonra 3-cü yerə yüksəltdi. O həm də “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərdi. Hüseyn Qəmbərovla yarışa hazırlıq, uğurları və gələcək planları ilə bağlı müsahibəni təqdim edirik.

 

- Hüseyn, əvvəlcə "WorldSkills Asia" beynəlxalq yarışına hazırlıq prosesindən danışaq. Yarışa necə hazırlaşırdınız? 

 

- Bu beynəlxalq yarışa qatılmazdan öncə ölkə üzrə seçim mərhələsi keçirildi. Seçim mərhələsində həm təhsil müddətində, həm də fərdi inkişafım zamanı əldə etdiyim bütün bilikləri istifadə edərək tapşırıqları həll edirdim. Nəticələr elan olunduqdan sonra final mərhələsinə hazırlaşmaq üçün 3 gün vaxtım var idi. Bizə verilən yeganə məlumat istifadə edəcəyimiz sistemin adı və onun rəsmi sənədi idi. Yarışa hazırlaşan zaman əsasən tədris müddətində əldə etdiyim biliklərdən yararlanaraq istifadə edəcəyimiz sistemin işləmə məntiqini anlamağa çalışırdım.

 

- Həm Azərbaycan təhsili, həm də sizin üçün böyük uğur hesab edilən bu yarışdan əlavə, digər yarışlarda da iştirak etmisiniz. Yarışlara nə vaxtdan qatılırsınız və hansı nailiyyətlər qazanmısınız?

 

- Hələ orta məktəbdə təhsil aldığım zaman  bir çox yarışlara qatılaraq uğur əldə etmişəm və ali məktəbdə də bunu davam etdirirəm. Həm yerli, həm də beynəlxalq olimpiadalara qatılıram. Əldə etdiyim böyük uğurlardan bir neçəsini qeyd edə bilərəm. Məsələn, 2017-2018-ci tədris ilində İnformatika fənni üzrə Respublika fənn olimpiadasının turunda 2-ci yeri tutmuşam. Bundan başqa, həmin tədris ilində ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduğuma görə o zamankı Təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunmuşam. 2019-cu ildə Ümumilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş “Tələbələrin ilk elmi konfransları”nda 2 yer tutmuşam və sertifikat ilə təltif olunmuşam. 2020-ci ilin fevral ayından sentyabr ayına qədər Təhsil İnstitutu tərəfindən keçirilən “Kibertəhlükəsizliyə giriş” layihəsində iştirak edib, müvəffəqiyyət ilə bitirmişəm.  

 

-  Siz təhsil aldığınız müddətdə həm də təqaüd qazanmısınız. İstərdik bu barədə də məlumat verəsiniz. 

- Bəli, 2020-2021-ci tədris ilində Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən keçirilən “Təhsil xərclərinin qarşılanması” müsabiqəsinin qalibi olmuşam. Gənclər Fondu əldə etdiyim elmi nailiyyətləri nəzərə alaraq III kursun ikinci semestrində mənə təqaüd ayırdı. Gənclər Fondunun bu təqaüdünü qazanmaq mənim üçün böyük motivasiya oldu, öz üzərimdə daha da çox çalışmağa başladım. Bu təqaüd həm akademik göstəricilərimi yüksək səviyyədə saxlamağım, həm də yerli və beynəlxalq müsabiqələrə qatılmağım, uğur əldə etməyim üçün böyük həvəs yaratdı. Təqaüdü qazanandan sonra elmi nailiyyətlərim də artmağa başladı. Qatıldığım bütün yarışlarda, dərslərimdə mənə göstərilən etimadı, gözləntiləri doğrultmağa çalışıram. 

- Bir az da dərslərinizdən danışaq. Akademik göstəriciləriniz necədir? Bakı Ali Neft Məktəbi sizə nə qazandırır? 

 

- Dərslərimə yüksək səviyyədə çalışıram və nəticələr də qiymət göstəricilərimdə əksini tapır. Bakı Ali Neft Məktəbindəki tədrisə gəlincə, qeyd edim ki, informasiya təhlükəsizliyi elə sahədir ki, daim üzərində çalışmalı, ən son yeniliklərdən xəbərdar olmalısan. BANM-də də bizə dünyada istifadə olunan kibertəhlükəsizliyə aid texnologiyalar izah edilir, yüksək səviyyədə öyrədilir. Bu biliklər sayəsində istənilən sistemdə işləyə bilirik. Ali Məktəbimizin müəllimləri də işlərinin peşəkarlarıdırlar. Burada müəllimlər təkcə kitablardakı məlumatları deyil, həm də təcrübi bilikləri öyrədirlər. Bu isə real iş mühitinə  tez uyğunlaşmağa imkan verir. 

 

- Gələcək hədəfləriniz nədir?

 

- Hazırda fikrimi daha çox təhsilimə yönəltmişəm. Bakalavrı uğurla başa çatdırdıqdan sonra magistraturada təhsil almaq istəyirəm. Bu pilləni isə xaricdə davam etdirmək niyyətindəyəm. İstərdim ki, orada qazandığım bilikləri, beynəlxalq sənayenin təcrübəsini Azərbaycanda tətbiq edim.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!