Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş rayon gəncləri ilə görüşü keçirilib.
Modern.az xəbər verir ki, C.Baxşıyev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini yüksək nəticəyə görə təbrik edib:
"Rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artması çox sevindirici haldır. Dünyanı bürümüş pandemiya ilə əlaqədar ötən ilin mart ayından əyani tədris prosesi dayandırıldı, onlayn təhsilə keçirildi. Bu həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yaratsa da, həm ötənilki, həm də builki qəbul göstəriciləri bizi çox sevindirir. Belə şəraitdə yüksək bal toplayaraq ali təhsil müəssisələrə daxil olan gənclərlə görüş keçirməyə çox böyük əhəmiyyət veririk. Yüksək bal toplayanların sayı ildən-ilə artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar".
Görüşdə Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin məzunu, 651 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Eltun Bəbirzadə, Veri kənd tam orta məktəbinin məzunu, 521 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Aydan Məhərrəmova və valideynlər adından Faiq Məhərrəmov çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildiriblər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda ali məktəblərə yüksək balla qəbul olmuş gənclərə hədiyyələr təqdim edilib.