Modern.az

Kamilə Əliyeva: "Başqa bir ölkə Azərbaycanla güc dilində danışmağa cürət etməməlidir"

Kamilə Əliyeva:

Aktual

30 Sentyabr 2021, 13:10

Prezident cənab İlham Əliyev sentyabrın 27-də Türkiyənin Anadolu Agentliyinə 2020-ci ilin sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanmış müharibəyə aparan səbəblər haqqında dünya ictimaiyyətini də maraqlandıracaq çox önəmli məsələlərə aydınlıq gətirdi.

 

Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bərabər yeni savaşa hazırlaşırdı. Son dövrdə Ermənistan tərəfi Azərbaycana qarşı təxribatı daha da genişləndirmişdi. Ermənistan rəhbərliyinin yersiz və sərsəm açıqlamaları, eləcə də 2020 ci ilin iyul ayında Ermənistanın hərbi təcavüzü nəticəsində hərbiçiıərimizlə yanaşı mülki şəxslərimizi də qətlə yetirmələri onların yeni müharibəyə başlamaq niyyətindən xəbər verirdi.

 

Cənab İlham Əliyev bütün beynəlxalq təşkilatlara, xüsusən BMT yə Ermənistana təcavüzə son qoymaları üçün təzyiq göstərməyə çağırırdı. Təəsüflər olsun ki, beynəlxalq təşkilatlar erməni təcavüzünə göz yumurdular. Münaqişənin nizamlanması missiyasını öz üzərinə götürən Minsk qrupu vaxtında Ermənistana təzyiqlər göstərsəydi bu müharibə baş verməzdi. Bölgəyə yersiz səfərlər edən həmsədrlər bəyanatlar verməklə kifayətlənirdilər. Minsk qrupu əvvəllər status-kvonun qəbul olunmaz olduğunu söyləsələr də sonradan bu fikirlərdən də yayındılar. Azərbaycan tərəfi də haqlı olaraq Minsk qrupunun bu məsələni həll etmək fikrində olmadıqları qənaətinə gəlmişdi.

 

Azərbaycan təkbaşına beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz torpaqlarını hərb və siyasi yolla işğaldan azad etdı.

 

Bu gün bəzi dövlətlərin rəsmiləri Qarabağın status məsələsi həll olunmayıb fikirlərini söyləyirlər. Prezident cənab İlham Əliyev qətiyyətlə erməni havadarlarına və ümumiyyətlə hər kəsə bəyan etdi ki, Qarabağ münaqişəsi bitmişdi və status barədə heç bir söhbət gedə bilməz.

 

Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası yaradılmışdır.

 

Son vaxtlar erməni təbliğat maşını Azərbaycan- Rusiya münasibətlərinə xələl vurmaq niyyətindədirlər.

 

Rusiya mediasında Azərbaycana qarşı böhtan dolu informasiyalar yayırlar və hər vəchlə Azərbaycanı gözdən salmağa çalışırlar. Onların bu niyyəti də baş tutmadı. Ölkə başçısı cənab İlham Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün yüksək səviyyədədir.

 

Vətən Müharibəsində Türk milləti, Türk xalqı hər an Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan etmişdir. Türk dövlətinin Azərbaycanın yanında olması müharibədə bizə daha da güc vermiş oldu. Cənab Ərdoğan kənardan Azərbaycana qarşı hər hansı müdaxilə olunarsa qarşılarında Türkiyəni görəcəklərini vurğulamışdı. Bu bir daha iki qardaş dövlətin bir-birinə necə bağlı olduğunu sübut edir.

 

Müsahibəsində cənab İlham Əliyev dünya ictimaiyyətinə bir daha çatdırdı ki, Azərbaycan sülhsevər dövlətdir və heç vaxt müharibə aparmaq niyyətində olmayacaq. Ölkə başçısı ermənilərə də xəbərdarlıq etdi ki, əgər onlar revanşist fikirlərə düşüb, Azərbaycana qarşı hər hansı hərbi, təxribat törədərlərsə, həmin an məhv ediləcəklər.

 

Cənab İlham Əliyev Rusiya sülhməramlı qüvvələrin fəaliyyətinə də toxundu. Bəli, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilsə də bir sıra məsələlərdə onların işində də nöqsanlar mövcuddur. Belə ki, Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan digər dövlətlərin vətəndaşları və nəqliyyat vasitələri daxil olurlar. Həmin ərazilərə hal hazırda Rusiya sülhməramlıları nəzarət edir. Azərbaycan ərazisi olan Qarabağa İran ərazisindən qeyri qanuni yüklər daşınır. Özünü bizə dost və qardaş hesab edən İranın bu addımı bizim suverenliyimizə və ərazi bütövlüyümizə hörmətsizlik kimi sayılmalıdır. Azərbaycan tərəfi də haqlı olaraq İran İslam Respublikasına bu barədə rəsmi nota ünvanladı. Buna məhəl qoymayan İran tərəfi yenidən qanunsuz hərəkətlərə yol verməyə başladı. Ölkə rəhbərliyi tərəfindən bu hərəkətlərin qarşısını almaq üçün adekvat addımlar atıldı və bundan sonra bu məsələ öz həllini tapmış oldu. İran dövlətinin bu addımları nəinki Azərbaycanda yaşayan azərbaycanlıları, bütün dünya azərbaycanlıları nı narahat edir.
Ölkə başçımız İranın Azərbaycana qarşı atdığı və digər neqativ addımlar barədə də öz fikirlərini bildirdi. Deməli, İran sözdə özünü bizə dost və qardaş ölkə sayır, əslində isə biz bunun tam əksini görürük.

 

Cənab İlham Əliyev bu müsahibəsində bir daha dünyaya Azərbaycanın sülhsevər bir dövlət olmaqla yanaşı, həm də istər iqtisadi, istərsə də hərbi cəhətdən güclü bir dövlət olduğunu bəyan etmiş oldu.

 

Başqa bir ölkə Azərbaycanla güc dilində danışmağa cürət etməməlidir. Çünki Azərbaycanda xalq öz Liderinin, Lider isə öz xalqının arxasındadır.

 

Kamilə Əliyeva 

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı