Müğənni Elza Seyidcahana fiziki təzyiq edən şirkət rəhbəri Rüstəm Kərimzadə həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Kərimzadə Rüstəmin heç bir vəsatəti təmin edilməyərək, onun barəsində 1 ay müddətinə inzibati qaydada həbs qərarı çıxarılıb.
O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.
E.Sadıqov onu da qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.
Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.
Vəkilin bildirdiyinə görə, Bakı Apellyasiya Məhkəməsinin 5 iyul 2018-ci il tarixli 2(103)-4733/2018 saylı qətnaməsinə əsasən, cavabdehlər Verdiyev Anar Talətdin oğlu və Azayeva Elmira Xanhüseyn qızının Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Əlisatova Gülşən Elşən qızına təhvil verilməsi, iddiaçı Əlisatova Gülşən Elşən qızından 58 797 manat pulun alınaraq “ELİT SRC GROUP” MMC-yə verilməsi, Əlisatova Gülşən Elşən qızı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs “ELİT SRC GROUP” MMC-yə pulun ödənilməsi ilə cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq boşaldılmasının eyni vaxtda icra edilməsi qət edilib.
Əlisatova Gülşən Elşən qızı Əhmədova Seyidcahanın (Elza Seyidcahan) qızıdır.
Vəkil bildirib ki, qeyd edilən qətnamənin icrasına mane olmaq üçün Elza Seyidcahan dəfələrlə Kərimzadə Rüstəmə qarşı şər-böhtanlar atıb, mətubata yalnış açıqlamalar verməklə qətnamənin icrasına mane olmağa çalışıb.
Onlardan biri də ondan ibarət olub ki, Elza Seyidcahan 21-ci polis bölməsinə şikayət edərək Kərimzadə Rüstəmin onu itələdiyini bildirib.