Modern.az

Allahşükür Paşazadə beynəlxalq toplantılarda...

Allahşükür Paşazadə beynəlxalq toplantılarda...

Aktual

19 Noyabr 2012, 15:17

Noyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) iclası keçirilib. Avrasiya İslam Şurası Təşkilatının tədbirinə yola düşməzdən öncə baş tutmuş iclasda Şimali Qafqaz müftiləri və QMİ-nin Gürcüstandakı, Batum və Dərbənddəki səkahiyyətli nümayəndələri, habelə Dağıstanın milli siyasət, dini işlər və xarici əlaqələr naziri Bekmurza Bekmurzayev iştirak ediblər.

Çıxış edən QXADŞ sədri Şeyxülislam Allahşükür Paşazadə, Şimali Qafqaz müftiləri Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Çeçenistan müftisi Sultan Mirzəyev, Dagıstan müftisi Əhməd Abdullayev, Kabarda-Balkar müftisi Həzrətəli Dzasejev, Kalmıkiya müftisi Əhməd Karalayev və başqaları Qafqazda və dünyada gedən proseslərə toxunaraq, həmin proseslərin mənəvi aspektinə dair fikirlərini bildiriblər. Xüsusi vurgulanıb ki, Qafqazda sülh və sabitliyin qorunub saxlanılması prosesində ənənəvi İslam dəyərlərinin qorunub saxlanılması, yad təsirlərdən qorunması olduqca vacibdir. Bu işdə dini liderlərin, dövlət qurumlarının üzərinə düşən vəzifələrdən danışan natiqlər dini və etnik zəmində qarşıdurmaların yaranmasında maraqlı olan qüvvələrin mənfur planlarının həyata keçməsinin qarşısını almaq yönündə birgə effektiv tədbirlər barədə fikir mübadiləsi aparıblar. Din adından sui-istifadə, etnik separatçılıq və dini ayrıseçkilik halları qətiyyətlə pislənilib, həmçinin, dünyanın qaynar bölgələrində haqqı tapdalanan müsəlmanların vəziyyəti barədə danışılıb, bölgədə və dünyada ədalət və barışın bərqərar olması naminə dini-mənəvi birlik nümayişinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, bu tədbirdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfərə gedib. Səfər Avrasiya İslam Şurası Təşkilatının dəvəti əsasında həyata keçirilir. Təşkilatın 19-22 noyabr 2012-ci il tarixində baş tutacaq VIII Baş İslasının mövzusu “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqləri”dir. Avrasiya cografi məkanında tarixi qardaşlıq telləri ilə bağlı olan ölkələr və cəmiyyətlərin dini qurumları, onların dini lider və təmsilçilərini bir araya gətirəcək toplantıda gündəmdə olan aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq, ümumi fəaliyyət istiqamətləri müəyyən ediləcək. Toplantıda iştirak etmək məqsədilə QMİ sədri A. Paşazadənin başçılığı ilə Şimali Qafqaz müftiləri – Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İstanbuldadır. Şeyxülislam A. Paşazadə İstanbulun mötəbər Dolmabaxça sarayında keçiriləcək toplantının bir bölümünə sədrlik edəcək.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı