Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın “Moskva SSRİ-ni bərpa etmək istəyir” iddiasına cavab verib. Peskov bildirib ki, bu gün Sovet İttifaqının yenidən qurulması mümkün deyil.
Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan etmişdi ki, ABŞ Moskvanın SSRİ-ni yenidən yaratmağa cəhd edə biləcəyindən ehtiyat edir.
"Xanım Nuland rus mövzularını və postsovet məkanının bütün nüanslarını yaxşı bilir. Əminəm ki, o da bizim və digər mütəxəssislər kimi, Sovet İttifaqının bərpasının mümkünsüz olduğunu mükəmməl başa düşür”, - Peskov deyib.
“Ancaq xanım Nuland onu da dəqiq bilir ki, müxtəlif inkişaf templərinə malik inteqrasiya prosesləri keçmiş Sovet İttifaqı məkanında çoxdan yaranıb və yetişməkdədir. Bunlar Müstəqil Dövlətlər Birliyi, Avrasiya İttifaqı, Rusiya-Belarus İttifaqı kimi daha təkmil inteqrasiya təşkilatlarıdır. Amma bu təşkilatların heç biri Sovet İttifaqını reinkarnasiya etmək cəhdi deyil və ola da bilməz", deyə Kremlin sözçüsü bildirib.
O əlavə edib ki, keçmiş SSRİ məkanında müstəqil suveren dövlətlər çoxdan formalaşıb, möhkəmlənib və uğurla inkişaf edir, onlar bir-birinə hörmət, etimad və bir-birinin işinə qarışmamaq əsasında yanaşırlar.