Modern.az

İsmailiyyəmizin sakit və rahat günlərini bərpa edək!

İsmailiyyəmizin sakit və rahat günlərini bərpa edək!

Aktual

11 Fevral 2022, 20:34

Şeyx Şamil haqqında həcmcə ən böyük və dürüst tarixi romanın müəllifi Lesli Blanş “Cənnət qılıncları” əsərində yazır ki, Qafqaz coğrafi baxımdan iki hissəyə ayrıldığı kimi, xalqları da xarakterinə görə ikiyə bölünüb: şimaldakılar bütün məsələləri musqulun gücünə, cənubdakılar isə daha çox səbr və təmkinlə həll etməyə üstünlük verirlər. Biz müstəqil dövlət olaraq Qafqazın cənubunda yerləşirik. 

 

Hər bir qədim xalq qanundan əvvəl öz adət-ənənələri ilə öyünür. Biz də öyünməyə haqqı olan xalqlar içərisində yer alırıq. Amma çox təəssüflər olsun ki, xalqımızın əsrlər boyu qazandığı uğurlara kölgə salanlar da olur.


… Akademik Ramiz Mehdiyev təcrübəli adamdır. Həm sovet dönəmində, həm də müstəqillik illərində dövlətin ən yüksək vəzifələrində təmsil olunub. 2019-cu ilin sonlarından Milli Elmlər Akademiyasına rəhbərlik edir. İndi məlum olur ki, hazırda rəhbərlik etdiyi qurumu müasir tələblərə cavab verən səviyyədə idarə edə bilmir. Məsələnin sivill yolu çox sadədir. Vaxtilə qazandığı nüfuzunu qoruyub saxlamaq, elmi təşkilatın inkişafına  mane olmamaq  üçün istefaya getmək. Bununla da məsələ həll olunur. Amma çox təəssüflər olsun ki, Ramiz müəllim vəzifədə qalmaq üçün barrikadalar qurur, elm camiəsini parçalamaq fikrinə düşür. Ramiz müəllim hətta hücuma keçərək onun şəxsiyyəti ilə yox, yarıtmaz idarəçiliyi ilə bağlı fikir söyləyənləri hədələyir, Milli Məclisin bəzi deputatlarını  saxta deputatlar adlandırır.Ramiz müəllim, doğrudanmı, bu iddiaların müəllifi Sizsiniz? Bəs dünənə qədər bu proseslərə rəhbərlik edən Siz deyildiniz? Bu böhtanları dövlətimizi istəməyən, xalqımızın uğuruna, ordumuzun qələbəsinə sevinməyən hər birisi atır. Axı Siz onların sırasında olmamalısınız. 


Hörmətli Ramiz müəllim, I-V çağırış  Azərbaycan Milli Məclisinə keçirilən seçkilər və seçilən deputatlar haqqında məlumat vermək fikrim yoxdur. Çünki Siz bu proseslərin içində olmusunuz. Amma VI çağırış Milli Məclisə seçilən deputatlar haqqında aşağıdakıları deyə bilərəm. Milli Məclis rəhbərliyi başda olmaqla qanunverici orqanımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 10 mart 2020-ci ildə VI çağırış Milli Məclisin deputatları qarşısındakı proqram xarakterli çıxışını əldə rəhbər tutaraq bu istiqamətdə böyük uğurlara imza atmaqdadır. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Milli Məclisimizin rolu danılmazdır. Azərbaycan  həqiqətlərinin dünyaya çatdırılmasında Parlament əlindən gələni edir. Şəhid ailələri, qazilərlə bağlı kifayət qədər qanunlar qəbul olunub. Hər bir deputat təmsil etdiyi rayonda şəhid ailələri və qazilərlə bağlı Milli Məclis rəhbərliyinin qarşıya qoyduğu vəzifələri  vicdanla yerinə yetirir. Ən əsası, hazırda fəaliyyət göstərən parlament səmimi bir ailəni xatırladır. Siyasi əqidəsindən asılı olmayaraq Vətən hamı üçün müqəddəsdir. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz.


Dünyada ən asan şey məsləhət vermək, ən çətin şey isə əməl sahibi olmaqdır. Sizcə, məsul vəzifədə işlədiyiniz illərdə nə qədər insanı istefaya göndərmisiniz? Həmin insanlar bu qədər inad etdilərmi? Bəs Sizə çatanda niyə bu qədər müqavimət göstərirsiniz? 

 

Bir tarixi xatırlamaq yerinə düşər. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi bina vaxtilə İsmailiyyə adlanırdı. Müsəlman Xeyriyyə Cəmiyyəti burada yerləşir və bu bina bütün müsəlmanların ümid yeri idi. 1918-ci il Mart qırğını ərəfəsində ermənilərin ən çox ehtiyat etdikləri də bu bina idi. Martın 31-də ermənilər tərəfindən minlərlə müsəlman soyqırıma məruz qaldı, Tatevos Əmirov başda olmaqla daşnaklar “Bakı müsəlmanlarının iftixarı sayılan və bütün şəhərin yaraşığı olan əzəmətli İsmailiyyəni yandırdılar. “Gələn il İsmailiyyənin 110 illiyi qeyd olunacaq. Gəlin, elə edək ki, bu binanı tikənlərin, uzun illər bu binada xalqımızın dünyada elm sahəsində tanınması üçün canlarını fəda edən insanların  ruhunu narahat etməyək, İsmailiyyəmizin sakit və rahat günlərini bərpa edək!

 

Anar İsgəndərov 

Milli Məclisin deputatı,

tarixçi alim

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı