Modern.az

Bir ölümün ortaya çıxartdıqları

Bir ölümün ortaya çıxartdıqları

Aktual

14 Yanvar 2013, 14:03

Akif Nağı

Orduda ölüm halı ola bilər, hətta dinc şəraitdə də heç kəs bundan sığortalanmayıb. Dünyanın ən aparıcı dövlətlərinin ordusunda da belə şeylər olur, güllədən də ölürlər, bir-birini döyüb də, atıb da öldürürlər. Mən bunları əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı deyirəm və bu olaya hansısa formada bəraət qazandırmaq fikrindən uzağam. Eybəcər və tükürpədici dərəcədə dəhşətli bir hadisədi.

Mənim məqsədim diqqəti cəmiyyətin və dövlətin bu olaya reaksiyasına yönəltməkdir. Reaksiyamız adekvatmı, baş verən hadisənin mahiyyətinə uyğunmu, Vətənə və dövlətə münasibətimizi əks etdirənmi oldu? Bəşəriyyət 3 min ildir ki, 2 tezis arasında vurnuxur: Öndə olan dövlətin marağıdı, yoxsa fərdin? Bu gün bizdə özünə liberal, millətçi, dinçi, sosialist və s. deyənlərin heç biri hələlik özü üçün bu sualın cavabını aydınlaşdırmayıb, hər kəs eklektik bir dünyagörüşündə, həftəbecər fikirlər, “hər şeydən bir az” düşüncəsində qalmaqdadırlar. Bilmirəm bu, postmodernizmin təsiri ilə bağlıdı, yoxsa siyasi simasızlığın göstəricisidir? Bir əsgərin ölümü bu əcaib, qarışıq, eklektik düşüncə tərzini, cəmiyyətdəki qeyri-müəyyənliyi, ağına-bozuna baxmadan yararlanmaq ehtirasını ortaya çıxartdı.

Mən hesab edirəm ki, bu gün Azərbaycanda millətin və dövlətin taleyini düşünən hər kəs millətçilik yükünə yüklənməlidir. Bu, özünü hər şeydə, yaşam tərzində, danışıqda, düşüncədə, əməldə göstərməlidir. Çoxları özünü liberal, demokrat elan edib, millətçiliyi tarixin arxivinə göndərməyə çalışır. Amma yanılırlar, daha doğrusu, dəbə, siyasi konyukturlara uyğun hərəkət edib, ortada qalmağa çalışırlar. Çox qəribədir ki, dünənə qədər kommunist olmağı ilə fəxr edənlər indi demokrat və liberalların önündə gedirlər. Bəli, əlahəzrət “konyuktura” iş başındadır. Konyukturizm və ondan da doğan praqmatizm bizim toplum üçün həmişə xarakterik olub. Millətlərin çoxu bundan əziyyət çəkirlər, biz tək deyilik. Şərqi Avropanın ilk demokratlarından V.Havel də şikayətlənirdi ki, praqmatiklər yaman çoxdu, amma inkişafı dəyişməz dəyərlərə sadiq olanlar təmin edəcək. Həmin bu dəyişməz dəyərlərə sadiq olanlar, konyukturaya uymayanlar millətçilərdir. Bizdə millətçiləri sovet dönəmində sevmirdilər, panislamist, pantürkist deyirdilər, indi də sevmirlər.

Mən liberalların, demokratların əleyhinə deyiləm, bəlkə də özünə “liberal və demokrat” deyənlərin çoxundan daha liberal və demokratam. Mən sadəcə liberal və demokrat adı altında bizə sırımaq istədiklərinin, bu liberalçılığın və demokratçılığın kampaniya xarakteri almasının və ən əsası, bütün bunların millətsevərliyə, vətənpərvərliyə qarşı yönəlməsinin əleyhinəyəm. F. Dostoyevski knyaz Mışkinin dili ilə deyirdi ki, mən liberalizmə nifrət etmirəm, mən rus liberallarına nifrət edirəm, çünki onlar rusa məxsus nə varsa, hamısını rədd edir, hətta öz analarından imtina edir və bunu da əsl vətənpərvərlik kimi təqdim edirlər, ənənəvi vətənpərvərlərə isə ironiya ilə, lağla yanaşırlar. Bu gün bizdə də təxminən eyni proses gedir.  

Bütün bunları deməkdə məqsədim əsgərin ölümü ilə bağlı cəmiyyətin mövqeyini nəzərdən keçirmək idi. Bu olayla bağlı millətçi, vətənçi, vətənpərvər və dövlətçi mövqe tuta bildikmi? Təssüf ki, müsbət cavab vermək üçün əsas yoxdur. Hakimiyyətdə olanlar kreslolarını qoruyub saxlamağın hayında oldular, kənardakılar isə cılız maraqları üçün yararlanmağa çalışdılar. “Milli maraq, dövlət marağı hər şeydən öndədədir!” deyimi yenə də işləmədi. Milli maraq tələb edirdi ki, Səfər Əbiyev, Nəcməddin Sadıqov, Rövşən Əkbərov istefa versinlər. Ona görə yox ki, onların istefası əsgəri geri qaytaracaqdı, ona görə ki, bu istefa ilə onlar dövlət naminə oturduqları kreslodan, yaşadıqları rahat həyatdan imtina etmək nümunəsi göstərərdilər. Bu, Ordunun, millətin ruhunu, özünə inamını, Vətən sevgisini birə yüz qaldırardı. Bu, olardı qəhramanlıq, millətə və dövlətə xidmət. Milli maraqlar tələb edirdi ki, Ali Baş komandan İlham Əliyev bu üç generalı dərhal istefaya göndərsin. Etmədi, bəlkə onlardan, onların arxasında duran xarici qüvvələrdən çəkindi? Mənim müşahidələrimə görə, çəkinən adama oxşamır. Çəkinsəydi, Obama, Putin kimi super güclərin dəvətlərindən imtina etmək gücünü özündə tapmazdı. Milli maraqlar tələb edirdi ki, müxalifət liderləri bu üç generalın istefasını istəsinlər. Bir neçə istisnadan başqa heç kəs bu tələbdə bulunmadı, “günahkarlar cəzalandırılsın” tələb ilə canlarını qurtardılar. Mənim müşahidələrimə görə müxalifət liderləri Müdafiə nazirliyinin rəhbərlərindən çəkinirlər, amma səbəbi aydın deyil. Hörmət edirlər, yoxsa nə isə müştərək “xətaları” var, bilinmir. Hətta şəhid əsgərin anası da praqmatizmdən qaça bilmədi, əvvəlcə hamını köməyə çağırdı, sonra isə məsələni siyasiləşdirməməklə bağlı müraciət etdi. Əlbəttə, anadır, onu başa düşməliyik. Amma bu addım hansısa məmurun təsiri ilə atılırsa, şəhidin qanı hansısa xırda marağa qurban verilirsə onda başa düşməli bir şey qalmır.

Bir gəncin faciəsi üzərində gedişmələr etmək çox çətin idi, amma milli maraq naminə bunu etdik. Nəticədə ürəkaçan mənzərə alınmadı, ancaq ümüdsizliyə də qapılmağına dəyməz. Hər halda hər birimiz özümüz üçün nəticələr çıxartmağa çalışmalıyıq.  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı