Bu gün Azərbaycanda insan haqları ilə bağlı məsələlərə Avropa ölkələri və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif iradlar gəlir.
Ancaq insan haqları elə bir məsələdir ki, bunun pozulması dünyanın istənilən ölkəsində baş verə bilir. Belə olduğu təqdirdə Azərbaycan kimi ölkələrdə hətta fərdlərin həmin məsələlərə reaksiya verməsi qəbul olunmur, süngü ilə qarşılanır. Bəs, görəsən bu cür münasibətin səbəbi nədir?
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini
Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, Avropada demokratiya bizdən bir az qabaq olub, ona görə də Avropanın dəyərləri də dünya tərəfindən qəbul olunub. Deputat bildirib ki, bütövlükdə götürdükdə demokratiyaın inkişafını onun tarixi ilə bağlamaq düzgün deyil:
“Bu gün müstəqilliyinin az yaşı olan və demokratiya quruculuğunda çox az təcrübəsi olan bir dövlətin, hələ bizdə olan demokratiyanın Avropada qəbul olunmadığı bir dövrdə bizim onlar haqqında söz deməyimiz bəlkədə onlara təsir edir. Baxmyaraq biz gənc, demokratik ölkəyik, bəlkədə onların 30-40 ildə getdiyi yolu biz 10 ildə getmişik. Amma çox təəssüflər olsun ki, biz və bizim kimi dövlətlərin demokratiya sahəsində qazandığı uğurlar Avropa və digər dünya ölkələri üçün nə president, nə də nümunə ola bilir. Bu da həmin ölkə başşılarının və həmin xalqların tarixi ənənələrindən irəli gəlir. Düzdür, Asiya və Avropa qovşağındayıq, amma onlar bizi Şərq xalqı sayır. Bəzən bizi dini inanclarımız və əqidəmizə görə qəbul etmirlər. Ola bilər ki, Avropa ölkələri Azərbaycanı nümunə göstərməkdə çəkinirlər və qorxurlar”.
Hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, Avropada formalaşmış və oturuşmuş dövlətlər var, həmişə dünya nizamı Avropa tərəfindən müəyyənləşdirilib:
“Orada dəyərlər sistemi tamamilə formalaşıb. Onlar vaxtilə bizim indiki dövrümüzü keçiblər. Onlarda da vaxtilə kütləvi hüquq pozuntuları olub. Avropa məhz inkivizisiyandan keçmiş bir qitədir. Vaxtilə Avropa faşizmdən keçib. Onlar keçdiyi bir çox məsələləri dərs kimi götürüblər. Onlar eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması, demokrratik dəyərlərin bərqərar olması və inkişaf etməsi ilə bağlı, liberal dəyərlərin meydana çıxması və inkişafı, oturuşması ilə bağlı xeyli irəlidədirlər. Biz bunu etiraf etməliyik. Azərbaycanın siyasətinin priorititeti odur ki, Avroatlantikaya inteqrasiyaya olunmaq. Yəni çoxsaylı Avropa təşkilatlarında iştirak edirik. Bu baxımdan təbii ki, bizim öyrənəsi bir çox məsələlər var. Bud da təbidir, çünki Azərbaycan gənc dövlətdir”. Hüquqşünas bildirib ki, bununla yanaşı Azərbaycanın da Avropaya verə biləcəyi bəlli dəyərlər sistemi var: “Onlar bəzi hallarda bizim kimi dövlətlərə, onların xüsusilə siyasətçilərində yalnış bir yanaşma var ki, bizim kimi dövlətlər hələ öyrənməlidirlər, yaratmalı və qurmalıdırlar. Bunun bir tərəfdən deyək ki, əsasları da var. Müəyyən dəyərlərin inkişaf etməsi, instituların yaradılması, formalaşması və inkişafı üçün vaxt lazımdır. Eyni zamanda müəyyən dəyərlərə təfəkkürlərin dəyişməsi vacib olan məsələdir ki, o tam surətdə mənimsənilməlidir. Bu baxımdan onlarda insan hüquq və azadlıqları pozularkən, bu istiqamətdə irad bildirərkən, onlar bizə cavab olaraq deyirlər ki, siz hələ institutlarınızı dövlət kimi tam formalaşdırın, ondan sonra biz sizin bütün iradlarınızı qəbul etməyə hazırıq. Hər zaman dövlətini yaratmış, inkişaf etmiş və dünyada söz sahibi imkanlarına malik olanlar, digərlərinə bu və ya digər formada irad tutacaqlar, ya da müəyyən məsləhətlər verəcəklər. Bu təbii olan bir şeydir. İnsanların özləri də hər zaman çalışırlar ki, azyaşlılara öyüt-nəsihət versinlər. Amma baxmayaraq ki, bu çox hallarda o qədərdə uğurlu alınmır, bir çox hallarda doğru olmur”.
Ə.Nuriyev Azərbaycanın sürətlə inkişaf etdiyini və bir sıra dəyişikliklər baş verməkdə olduğunu deyib. Onun sözlərinə görə, transformasiya prosesləri baş verməkdədir, amma eyni zamanda ölkəmizdə bir sıra problemlər də qalmaqdadır:
“Biz beynəlxalq təşkilatlara daxil olarkən bir sıra öhdəliklər götürmüşük. Öhdəlikləri götürmüşük ki, biz bu dəyərlərə sahib olmaq üçün, bu işləri görəcəyik. Bizdə fərqli yanaşmalar olanda onlar sual verirlər ki, axı siz özünüz bu öhdəlikləri götürmüsünüz. Bu öhdəliklər könüllü xarakterlidir, digər tərəfdən də məcburi xarakter daşıyır. Əlbəttdə ki, Avropada da insan hüquq və azadlıqları pozulur. Avropada bu proseslərlə bağlı müxtəlif beynəlxalq hesabatlarda da bu fikirlər səslənir. Avropa Birliyinə Türkiyənin 50 ildir etdiyi müraciət hələ də qəbul olunmur. Müstəqilliyini yeni qəbul etmiş ölkələr var ki, onlar qəbul olunur. Avropada belə yanaşmalar çoxdur. Biz özümüz daha çox rifah və yaxşı dövlət yaratmaq uğrunda çalışmalıyıq. Demokratiya yaxşı formada bərqərar olunsun ki, bizə kənar yerlərdən iradlar gəlməsin. Onlara əsas verə biləcək işlər görməli deyilik. Bizdə nə baş verirsə onlar əsasında fikirlər gəlir. Burada baş verən fikirlər əsasında fikir formalaşır. Ona görə də biz maksimum dərəcədə çalışmalıyıq ki, bütün o dəyərlər sistemi ki, Azərbaycan xalqının genindədir, o dəyərlər sisteminin arial həyatda tətbiq edilməsinə nail olaq. Buna əlbətdə vaxt lazımdır və bu proses baş verəcək. Bu məsələlərin bir qədər zamana ehtiyacı var. Həm də dünyada kimsə axtarırsa ki, həyatda hər şeyə ədalətli yanaşma olacaq, bu, mümkün deyil. Çünki dünya yaranan gündən, ədalət axtarışındadır. Ədalət axtarışıda o deməkdir ki, hər məsələyə ədalətli yanaşma olmayacaq. Azərbaycanın ərazisi işğal olunub və buna ədalətli yanaşma yoxdur. Bu məlumdur ki, Azərbaycanın yerləşdiyi əraziyə ciddi maraqlar var. Özümüzü o dərəcədə toplayıb dəyərlər sisteminə malik olmalıyıq ki, kənarda müdaxilə olmasın. Çünki biz onlara kiçik səbəb versək, onu böyüdəcəklər. Daha yaxşı olanları götürməliyik və ona uyğun da ölkəmizi irəliyə aparmalıyıq ki, inkişaf etmiş ölkələr sırasına daxil olaq”.
Anar Kəlbiyev