Yanvarın 25-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu, respublika daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin iştirakı ilə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (üzv ölkələrin rəsmi adlarının baş hərfləri ilə “TAKM”-red.) yaradılmasına həsr olunmuş şura iclası keçirilib.
Daxili İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilib ki, mərasimdə iştirak edən Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbir iştirakçılarını salamlayıb, qarşıda duran vəzifələrin həllində əməkdaşlığın müstəsna rol oynadığını vurğulayıb. Nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da çox böyük işlər görüldüyünü, önəmli uğurlar əldə edildiyini, ölkəmizin regionun lider dövlətinə çevrildiyini nəzərə çatdıraraq, bu inkişafın təməlində ilk növbədə iqtisadi sahədə qazanılan nailiyyətlərin dayandığını bildirib.
Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov çıxış edərək Assosiasiyanın yaradılması ilə bağlı son iki ildə aparılmış səmərəli işlər barədə geniş məlumat verib. Komandan yaradılacaq təşkilatın Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan respublikalarının müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərini genişləndirəcəyini, təlim-tədris prosesinin, hərbi qulluqçuların xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübənin yayılmasına geniş imkanlar yaradacağını diqqətə çatdırıb.
Daha sonra Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu və Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev çıxış ediblər. Respublikamıza səfər etmələrindən məmnun olduqlarını qeyd edən qonaqlar aidiyyatı qurumlar arasında qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə əminliklərini ifadə ediblərlər.