Modern.az

Bu sənəd olmasaydı, Rusiya tezliklə qələbə qazanacaqdı

Bu sənəd olmasaydı, Rusiya tezliklə qələbə qazanacaqdı

Aktual

10 May 2022, 16:53

Rusiya Prezidenti Vladimir Putin dünən Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda çıxış edərək, Ukraynadakı müharibə ilə bağlı bəzi mesajlar səsləndirib. Rusiya lideri əvvəlcə NATO-nu ittiham edib. O açıq şəkildə müharibənin başlamasının səbəbini Qərb alyansında axtarmağı məsləhət görüb. 

 

Belə ki, Putin NATO-nu Moskva üçün "açıq-aşkar təhlükə" adlandırıb və Rusiyanın Ukraynadakı hərbi əməliyyatının zəruri və "düzgün qərar" olduğunu deyib. Bu da müharibənin əslində Rusiya ilə Ukrayna arasında yox, məhz Putin qüvvələri ilə Qərb arasında getməsindən xəbər verir.

 

Rusiya-Qərb savaşı nə ilə nəticələnəcək? 

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, müharibə Qərblə Rusiya arasında gedir, Ukrayna sadəcə meydança kimi istifadə olunur.

 

Politoloqun sözlərinə görə, Qərblə Rusiya arasında müharibənin açıq müstəviyə keçmə ehtimalı yüksəkdir. Bu isə dünya ölkələri üçün çox böyük təhlükə vəd edir: "Qərblə Rusiya arasında birbaşa savaş 3-cü Dünya Müharibəsi deməkdir, belə müharibə baş verərsə, fəsadları hamı üçün ağır olacaq".

 

 

İ. Vəlizadə qeyd edib ki, Rusiya ilə həmsərhəd olan ölkələr müharibənin müstəvisinin genişlənməsini istəmir:

 

"Azərbaycan Rusiya ilə həmsərhəd ölkə kimi müharibənin miqyasının genişləndirilməsini istəmir. Burada söhbət təkcə Azərbaycandan getmir. Eyni zamanda, Qara dəniz hövzəsində Rusiya ilə həmsərhəd olan Türkiyəni də qeyd edə bilərik. Elə Çinin özü Rusiya ilə həmsərhəd ölkədir. Çin də müharibəni istəmir. Yəqin ki, yaxın gələcəkdə qonşu ölkələrin səyləri müharibənin pik səviyəyə keçməməsi üçün nəticə verəcək".

 

 

Bundan əlavə, politoloq ABŞ prezidenti Co Baydenin Ukraynaya silah tədarükü ilə bağlı Lend-liz qanununu imzalamasını şərh edib:

 

"Bu sənəd imzalanmasaydı, Rusiya tezliklə Ukrayna müharibəsində qələbə qazanacaqdı. Regionda üstünlük Rusiyaya keçəcəkdi. Bunu Amerika və dostları istəmir. Digər tərəfdən bu müharibənin uzanması deməkdir. Düşünürəm ki, ABŞ Ukraynanın tam qələbəsinə ümid etmir. Amma vəziyyəti elə etmək istəyirlər ki, nə Rusiyanın mütləq şəkildə qalibiyyəti olsun, nə də Ukraynanın tam məğlubiyyəti. Bunun nə qədər real olduğunu demək çox çətindir. Təəssüflər olsun ki, tərəflər, yəni Rusiya ilə Ukrayna dayanmır. Hər iki tərəf maksimal ambisiyalar ilə müharibəni davam etdirirlər. Rusiya istəyir ki, Ukraynaya nəzarət etsin, Ukrayna da ərazilərini geri qaytarmağa çalışır. Bu da gərginliyin artmasına gətirib çıxarır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?