TəhsilPlus kartı olan təhsil işçiləri noyabrın 2-dən 30-dək həftəiçi hər gün metro və avtobuslarda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər.
Modern.az xəbər verir ki, güzəştdən yararlanmaq üçün TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edilməlidir.
Kampaniya bazar ertəsindən cüməyədək qüvvədədir. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur, ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 faiz bonus verilir.
Hazırda kartların təhsil işçilərinə təqdim edilməsi mərhələli şəkildə davam edir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb. Aktiv istifadəçilərin sayı artıq 185 mini ötüb.
Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur.