Modern.az

Mütəllibov, Fətullayev, Əylisli...

Mütəllibov, Fətullayev, Əylisli...

Aktual

26 Fevral 2013, 17:27

Xocalı soyqırımını adımıza "sənədləşdirənlər"  

İki gün öncə gənc dostlarımızdan biri e-mailimə bir link göndərmişdi. Xocalı ilə bağlı internetdə axtarış verərkən rastına çıxan ilk sayt bu olub: Xocali.net  

Azərbaycan, ingilis, rus, alman, fransız, fars və erməni dillərində materiallar yerləşdirilmiş saytın ilk baxışdan Xocalı faciəsindən bəhs etdiyi təəssüratı yaranır. Lakin, saytda yerləşdirilmiş materiallara nəzər yetirdikdə "erməni bicliyinə" heyran qalırsan.

***


Saytda bizi öz əlimizlə vuran materiallar var. Onların içərisində ikisi daha çox diqqətimi çəkdi. 

Bunlardan biri Xocalı soyqırımı baş verərkən Azərbaycanın prezidenti olmuş Ayaz Mütəllibovdan çex jurnalist Dana Mazalovanın 2 aprel 1992-ci ildə götürdüyü "Nezavisimaya qazeta"da dərc olunmuş müsahibədən "maraqlı" hissələrdir.

Təqdimanı girişində qeyd olunur ki, "Mütəllibov Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib. Və müsahibəyə əsasən deyilir ki, "Xocalı hadisələrinin Azərbaycan versiyası çox yaxşı planlaşdırılmış provokasiya idi".

Müsahibə jurnalistin Mütəllibova yönəldici sualı ilə başlayır:  

- Siz Xocalı hadisələri haqqında - hansı ki, sizin istefa səbəbi oldu, nə düşünürsünüz? Xocalı sakinlərinin meyitləri Ağdam ətrafında tapılıbmış. Kimsə onların ayaqlarına güllə atıb. Sonra balta ilə vurub. 29 fevralda mənim əməkdaşlarım meyitləri çəkib. 2 martda isə yeni çəkilişlər zamanı onların başlarının dərisi soyulmuşdu...

Mütəllibov: - Xilas olunmuş Xocalı sakinləri demişkən, hər şey mənim istefa üçün təşkil edilibmiş. Prezidenti hörmətdən salmaq üçün bir güc fəaliyyət göstərildi. Düşünmürəm ki, bu cür vəziyyətlərdə çox dəqiq və ağıllı hərəkət edən ermənilər onların faşist fəaliyyətini ifşa edən sənədləri azərbaycanlıların əldə etməsinə imkan verə bilərdi. Kimsə bütün ittihamları mənim adıma bağlamaq üçün bu kadrları Ali Sovetin sessiyasında göstərməkdə maraqlı imiş. Əgər mən desəm ki, bu Azərbaycan müxalifətinin günahıdır, böhtan atdığımı deyəcəklər. Amma ümumən demək olar ki, insanların çıxa bilməsi üçün koridor ermənilər tərəfindən hər halda açılmışdı. Bəs ermənilər nə məqsədlə atəş açmalı idi? Xüsusən də, o vaxt Ağdam ətrafında adamlara yardım etmək üçün kifayət qədər qüvvələr vardı... Yeri gəlmişkən mən o vaxt bir neçə dəfə "Dağlıq Qarabağ Respublikası"nın "silahlı qüvvələri"inin rəhbəri Mıkırçyanla danışdım. Dedim ki, "Siz minlərlə insanı öldürdünüz. Onların meyitlərini götürməyə imkan verin". Lakin o dedi ki, onlarda meyitlər yox, yalnız bizim adamlarımız var, onları da yedirir, ərzağın az olmasına baxmayaraq. Bizdə girov saxlanan adamlarla dəyişdirməyə hazır olduqlarını dedi.

***

Bədnam saytda öz əlimizlə kürəyimizə saplanan növbəti material isə jurnalist Eynulla Fətullayevin işğal olunmuş Dağlıq Qarabağa səyahətindən sonra yazdığı və özünün  "Realnıy Azerbaycan" qəzetində dərc etdirdiyi "Qarabağ gündəliyi" məqaləsindən parçalardır.

Fətullayev yazır: "Xocalını görəndə, təəccübümü gizlədə bilmədim. Tamamilə məhv edilmiş bu azərbaycanlı qəsəbəsi bütünlüklə bərpa edilib və simasını dəyişdirilərək, həmin qəsəbənin işğalında fəal iştirak edən erməni generalın şərəfinə İvanovka şəhəri adlandırılıb.

Xocalı faciəsi, bu əzabı görmüş Azərbaycan torpağında ürəyimizə vurulmuş dərin yaralar... Axı necə ola bilər? Doğrudanmı bu adamlarda (ermənilərdə) heç insaniyyət qalmayıb?

Ədalət üçün deyim ki, bir neçə il qabaq mən Naftalanda müvəqqəti yaşayan Xocalı qaçqınlarla görüşdüm. Onlar rus-erməni kontingentin Xocalıya hücuma keçməsi ərəfəsində şəhərin mühasirəyə alındığını açıqca etiraf etdilər. Hücumdan bir neçə gün qabaq isə ermənilər Xocalı sakinlərini səsucaldanlarla planlaşdırılan əməliyyat haqqında xəbər edirmişlər. Və mülki əhalinin Qar-qar çayının yanındakı humanitar koridorla qəsəbəni tərk etməsini və mühasirədən çıxmasını təklif edirmişlər.

Xocalıların sözlərinə görə, camaat həmin koridordan istifadə edərək, yola çıxmışdı və doğrudan da erməni əsgərləri atəş açmırdılar. Lakin Qar-qar çayın arxasındakı yeri keçərkən qaçqınların qrupu bölünüb və nədənsə Xocalı sakinlərinin bir qismi Ağdam istiqamətinə gedib, halbuki bu ərazi ermənilərin nəzarəti altında idi. Görünür ki, Xalq Cəbhəsinin batalyonları Xocalı sakinlərini xilas etməyə yox, Mütəllibovu devirmək üçün daha böyük qan tökülməsinə cəhd edirdi".

Sonra E.Fətullayev Qarabağda söhbətləşdiyi C.Aruşanyanın dediklərini təqdim edir: "Hücumdan bir neçə gün qabaq sizin o zamankı prezident Mütəllibov Stepanakertə zəng etdi və bizim keçmiş prezident Mıkırtçyana müraciət etdi. O insanların mühasirəyə alınmış Xocalını tərk etməsi üçün şərait yaradılmasını xahiş etdi. Mıkırtçyan isə cavab olaraq soruşdu - niyə adamlarınızın taleyi sizi maraqlandırmır? Bakıdan göndərilmiş vertolyotlarda insanları yox, heyvanları daşıyırlar".

"Bəli, heyvanları çıxartdılar, insanları yox. Birinci Qarabağ müharibəsi haqqında qəmli xatirələr belədir".

Fətullayevin məqaləsi bu sözlərlə bitir.

***

Bu gün Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında gedən disskusiyalarda bəziləri bunu yazıçı təxəyyülünün məhsulu, bədii əsər kimi qiymətləndirirlər. Amma şübhə yoxdur ki, yaxın vaxtlarda həmin romandan da xüsusi seçmələr "xocali.com" saytında yerləşdiriləcək. Və A.Mütəllibovun dilindən deyilmiş "Hər şey mənim istefa üçün təşkil edilibmiş", "Dəqiq və ağıllı hərəkət edən ermənilər onların faşist kimi tanınmasını ifşa edən sənədləri azərbaycanlıların əldə etməsinə imkan verməzdi", "Əgər mən desəm ki, bu Azərbaycan müxalifətinin günahıdır, böhtan atdığımı deyəcəklər", "İnsanların çıxa bilməsi üçün koridor ermənilər tərəfindən hər halda açılmışdı. Ermənilər nə məqsədlə atəş açmalı idi?" sözləri bir az da mötəbərlik qazanacaq.

Yaxud, E.Fətullayevin yazdığı "Hücumdan bir neçə gün qabaq ermənilər Xocalı sakinlərini səsucaldanlarla xəbər edirmişlər", "əhali humanitar koridordan istifadə edərkən, ermənilər atəş açmırdılar", "Görünür, Xalq Cəbhəsinin batalyonları Xocalı sakinlərini xilas etməyə yox, Mütəllibovu devirmək üçün daha böyük qan tökülməsinə cəhd edirdi" fikirləri əslində soyqırımı azərbaycanlıların özlərinə qarşı törətdikləri iddiasına daha bir dəstək olacaq.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı