İki həftə ərzində Avropada meymunçiçəyinə yoluxma hallarının üç dəfə artmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe danışıb.
O bildirib ki, region ölkələri qarşıdakı həftə və aylarda meymunçiçəyinin böyük coğrafi məkanda möhkəmlənməsinin qarşısını almaq üçün səylərini artırmalıdır.
İndiyədək Avropa regionunda meymunçiçəyi virusuna 4500 yoluxma halı qeydə alınıb və bu, may ayının ortalarından indiyədək bütün dünya üzrə yoluxmaların 90 faizi deməkdir. Ənənəvi olaraq Afrikada rast gəlinən virus may ayından etibarən dünyanın müxtəlif ölkələrində, əsasən də Qərbi Avropada yayılmağa başlayıb. Dünyanın 50-dən çox ölkəsində virusa yoluxma halları təsdiqlənib.