Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Laçının azad edilməsindən sonra məntiqi olaraq indi cəmiyyəti daha çox növbəti hədəfin nə olacağı düşündürür. Əlbəttə, ermənilər nə qədər uzunçuluq etməyə cəhd etsələr də, Laçının azad olunması üçtərəfli məlum bəyannamənin altıncı bəndinə əsasən öz həllini tapdı. Sözsüz ki, burada erməni “ilanlarına” “Qisas”la Azərbaycanın ay-ulduzunun göstərilməsi bir daha onu sübut etdi ki, haylar zopa dilindən başqa heç bir dil qanmır.
İndi əgər sıralama ilə getsək, növbədə həmin bəyabatın yeddinci – “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır” bəndi həyata keçirilməlidir.
Ancaq iki gün öncə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Şuşada keçirilən beynəlxalq konfransda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin BMT rəhbərliyinin münaqişədən sonra regiona səfər etməməsi ilə bağlı jurnalistlərə açıqlamasında “Münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb... Təəssüflər olsun ki, necə BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il masa üzərində qaldısa, biz bu məsələdə də BMT rəhbərliyi tərəfindən hər hansı ciddi fəaliyyət müşahidə etmirik”, deməsi onu təsdiq edir ki, qeyd etdiyimiz yeddinci bəndin icrası BMT-nin məlum dörd qətnaməsinin icrası kimi, yenə də Azərbaycan Ordusunun öz üzərinə düşür.
Çünki rəsmi Bakı əgər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əhli-keyf nümayəndələrinin gəlişini gözləsə, azərbaycanlı məcburi köçkünlər yenə bir 30 il öz doğma ocaqlarına qovuşa bilməyəcəklər.
Bütün dünya bir şeyi anlamalıdır ki, Qarabağ məsələsi artıq hər üzü ilə Azərbaycanın sırf daxili işidir və ona kimsənin qarışmasının nə haqqı, nə də hüququ var. Bu üzdən Azərbaycan üçtərəfli bəyannamənin dördüncü bəndinin icrasını da öz üzərinə götürüb şərti adı “Xəlbir” əməliyyatı olmaqla mərhələli şəkildə - Ağdərədə, Xocalıda, Xocavənddə, Əsgəranda və nəhayət Xankəndidə separatçı-terrorçu dəstələri tərki-silah, təslim olmayanları isə tərki-dünya etməli, eyni zamanda, əməliyyat zamanı Azərbaycan qanunlarına tabe olan və keçmiş Azərbaycan SSR vətəndaşı olmuş etnik erməniləri “yelləyib” “xəlbirdən” keçirərək, yeddinci bənddən irəli gələn - daxili məcburi köçkünləri və qaçqınları öz doğma evlərinə geri qaytarılmasını təmin etməlidir.
Doğrudur, bu işi icra etmək Azərbaycana qarşı qərbin, xüsusən də ABŞ-ın, Fransanın ikili standartdan yanaşması, eləcə də Rusiya və hətta İranın qısqanclığı baxımından elə də asan məsələ deyil. Ancaq Rusiya-Ukrayna müharibəsi fonunda bütün dünyanı bürümüş siyasi böhran, üçtərəfli bəyannamədən maksimum çıxış edərək Azərbaycana bu əməliyyatı mərhələli olaraq həyata keçirməyə tam şərait yaradır.
Əlbəttə, üçtərəfli bəyannamədən irəli gələn digər bəndlərin icrası – sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, həmçinin kommunikasiyaların – Zəngəzur dəhlizinin açılması paralel olaraq aparılmalıdır. Ancaq bu proseslərin ən azı texniki baxımdan uzun və vaxt aparan məsələlər olduğunu nəzərə alsaq, Bakı Xankəndidəki separatçı-terrorçu dəstələrə bu vaxt boyunca “at oynatma”larına imkan verməməli, əksinə tezliklə onları vurub “atdan” yerə salmalıdır!
Zəngəzur dəhlizi demişkən, Ermənistanın bu məsələyə inad etməsinin qarşısını almaq üçün 30 il ərzində Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə, bu ölkəyə tezliklə təzminat tələbi irəli sürülməlidir. Təzminatın qarşılığı kimi isə məhz torpaq - Zəngəzur dəhlizi keçəcək ərazinin Azərbaycana təhvil verilməsi tələb olunmalıdır!
Zabuxda evə od vuran, meşəni talan edən, donuzu kəsib qanını evin divarına yaxan düşmənə mərhəmət etmək əbəsdir. Odur ki, əslində Laçının azad olunmasından sonra cəmiyyətin istədiyi növbəti hədəf - Qarabağı separatçı-terrorçu dəstələrdən tam azad etməkdir ki, onu da yenə müzəffər Azərbaycan Ordusu nişana almalıdır!