Modern.az

İlyas İsmayılovun müavinini Gürcüstanda nə təəccübləndirib?

İlyas İsmayılovun müavinini Gürcüstanda nə təəccübləndirib?

Aktual

3 Aprel 2013, 14:12

Mütəllim Rəhimli: “Fikirləşirdim ki, gürcülər bizi ciblərində neft hesabına qazanılmış çoxlu manat, dollar daşıyan insanlar kimi qarşılayacaq və min bir cildə girərək onu bizdən almağa çalışacaqlar, amma...”


Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Novruz bayramı günlərində qonşu Gürcüstanda olub. Modern.az onun Gürcüstan təəssüratlarını təqdim edir.

Kasıb ölkənin təəccüblü iddiaları

Bu ölkədə olmayanlar onun haqqında yəqin ki, çox eşidiblər. Hələ sovet vaxtlarından onunla həmsərhəd bölgələrdə yaşayan Azərbaycan əhalisinin öz gündəlik ərzaq, məişət və geyim ehtiyaclarını ödəmək üçün bu ölkənin dükan -bazarına üz tutmasını nisbətən yaşlı nəslin nümayəndələri indi də xatırlamaqdadır. Hamı oradakı bolluqdan, düzgünlükdən danışardı, hətta satıcıların artıq qalan bir qəpiyi belə geri qaytardığını təəccüblə vurğulayardı. Həmçinin insanların yaşamaq üçün əzab-əziyyət çəkmədikləri, sabah üçün narahatlıq keçirmədikləri, həyat şəraitlərinin bizdən daha yaxşı olduğu müqayisələrdə açıq-aydın görünürdü.  İnsanlar hökumət tərəfindən təqib siyasəti ilə bizdəki qədər üzləşmirdi, vətəndaşa dövlət qayğısı vardı.

Bu qısa müqayisənin aparıldığı ölkənin hansı olduğu barədə uzun-uzadı fikirləşməyə, baş sındırmağa lüzum yoxdur. Hətta dəyərli oxucular onun Gürcüstan, yaxud Ermənstan olacağını fikirləşsələr, təbii ki, yanılmazlar. Ancaq bizim indi Ermənistana gediş-gəlişimiz olmadığına görə mövzunu Gürcüstan üzərindən davam edtdirmək məcburiyyətindəyik.

Bu ölkəyə gedənə qədər onun Azərbaycandan, Avropadan, Amerikadan asılı, insanlarının isə ələbaxan olduğu düşüncəsində idim. Fikirləşirdim ki, gürcülər bizi ciblərində neft hesabına qazanılmış çoxlu manat, dollar daşıyan insanlar kimi qarşılayacaq və min bir cildə girərək onu bizdən almağa çalışacaqlar. Həm də dünya bazarına çıxarmağa məhsulu olmayan, səfalətlə çarpışan ölkədə əhalinin məzlum sifətinin ürək ağrısı doğuracağı hissi məni tərk etmirdi. Neytral sahəni keçəndə təsəvvürlərimdəki ab-havanı görmədim: müasir buraxılış-keçid məntəqələri, xidmət personalı və onlar qədər də yeni bina, otaqlar, avadanlıqlar və üstəlik maneəsiz, növbəsiz giriş. İlk baxışdan “azad ölkəyə xoş gəldiniz” mühiti.

Bu ölkəni gəzdikcə əvvəlcədən qərarlaşmış fkirlərim alt-üst olmağa başladı. Maraqlı və təəccüblüdür ki, Gürcüstanın ucqar kəndlərində insanların taleyi ilə bağlı siyasi müzakirələri, mühakimələri, qruplaşmaları Bakıdakı ilə müqayisə etmək olar. Qınaq obyektinə çevrilsəm belə deməyə cəsarət edirəm ki, hətta obyektivliyinə, ictimai xarakter daşımasına görə daha üstündür. Məsələn, seçkilərə yanaşmada kimsə şəxsi maraqlarını deyil elini, obasını, Gürcüstanı düşünür. İnanmıram ki, orda kimisə 20 manata seçkilərdə ələ almaq mümkün olsun. Ələbaxımlığı, yaltaqlığı yaxın buraxmırlar, sanki qürur onların varlığına hakimdir. Səslərini pulla satmaları həyat tərzləri ilə ziddiyyət təşkil edir. Qanuna hörmət yaşam tərzlərinə daxildir və getdikcə daha da möhkəmlənməkdədir. Bizim üçün inanılası olmasa da, kəndarası yolda avtomobilin kəmərini bağlayırlar, həm də təkcə sürücülər yox, sərnişinlər də. Niyə? Çünki qanun bunu tələb edir. Nə olsun ki, polis görməyə bilər və ya gecədir, hamı yatıb. Rüşvətə nifrət var və o, əxlaqsızlıq kimi qəbul edilməkdədir. Məmur öz vəzifəsini yerinə yetirdikdə vətəndaşdan əvəz ummur, özünütəsdiq pilləsində məqsədinə doğru irəlilədiyini düşünür.

Siyasi liderə dövlətə və xalqa verdiyi xeyirə əsasən qiymət verilməsi, əvəzedilməz adam olmadığı fikrinin hakim mövqe daşıması xoş təəssürat yaradır. Saakaşvili və İvanaşviliyə münasibət də bu çərçivədən kənarda deyil.

Şəhərlərdə, rayon mərkəzlərində insanların təlaşla harasa tələsmələrini müşahidə etmək mümkün deyil. Bilmək istəyirsən ki, nəyə arxayındırlar, nəyə ümidlidirlər. Bizdə isə küçəyə çıxmağa peşmansan: hamı nigarançılıq, təşviş, həyəcanla harasa qaçır... Vətəndaşa dövlət qayğısı hər addımda hiss olunmaqdadır. Kəndlinin istənilən məhsulunun alıcısı var. İnəyinin südünü, qatığını, qaymağını, həyətinin göyərtisini, kartofunu, özünün çəkdiyi araq və çaxırı və s. satmaqda problem yoxdur.

Hələ də inana bimədiyim məqam isə “kasıb” ölkənin təhsilə qayğısı ilə bağlıdır. Deyirlər, doğru ilə yalan arasında dörd barmaq məsafə var. Yəni kimdənsə eşitdiyin yalan ola bilər, görmək lazımdır ki, inanasan. Gözlərimlə görsəm belə yenə də özümü inandırmağa çalışıram ki, bu yalan yox, həqiqətdir: dövlət hər şagirdə bir kompüter bağışlayıb, Avropa və ABŞ-dan yüksək ixtisaslı müəllimlər dəvət edərək məktəblərə, həmçinin kənd məktəblərinə göndərib. Azərbaycan məktəblərinə isə gürcü dilini tədris etmək üçün gürcülər səfərbər edilib ki, hamı dövlət dilini öyrənsin, onun imkanlarından istifadə edə bilsin.

İvanaşvili hökuməti bir “stavka”, yəni ən az dərsi olan müəllimin əmək haqqını 800 lariyə (bizim 400 manat) qaldırıb. Qiymətlərsə bizimki ilə müqayisədə 50 faizə qədər ucuzdur.

Ölkədə hərəkət sərbəstliyi və azadlığı var. Yolların çəkilişindən, binaların tikilməsindən, səliqə-sahmandan kəndlərdə, rayon mərkəzlərində, şəhərlərdə inkişafın getdiyini hiss etmək mümkündür.

Gürcüstanı tərk etmək də asandır.  Sərhəddə heç avtomobildən düşməyə ehtiyac yoxdur. Sanki acıq verirlər: “Nə vaxt istəyirsən, gedə bilərsən”. Amma... Azərbaycana daxil olmaq çətindir: “Axı niyə gedirsən, nə üçün.., nə aparırsan.., bir-bir keçin, növbədə dayanın...”. Fikirləşirsən ki, yəqin burada da bir məntiq var.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı