Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yaşadıqları ölkələrdə hakim qurumlara, media orqanlarına, QHT-lərə və beynəlxalq təşkilatlara çağırış etməyə davam edirlər.
Modern.az xəbər verir ki, diaspor fəalları dünya birliyini Ermənistanın Azərbaycana yönələn təcavüzünü pisləməyə, belə təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımların atılması üçün səylərini artırmağa çağırırlar.
Digər ölkələrdəki diaspor təşkilatları ilə bərabər, İsveç və Norveç Azərbaycanlıları Koordinasiya Şurası da təcavüzkar Ermənistanın ölkəmizin sərhədində törətdiyi hərbi təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar hərəkəti Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə böyük əngəl kimi qiymətləndirilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Eyni zamanda Avropa Azərbaycanlıları Konqresi (AAK) ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.
Nəzərə çatdırılıb ki, Azərbaycan əsilli avropalılar yaranmış duruma görə dərin narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüquq normalarına əməl etməyən Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar ortadadır.
Soydaşlarımız beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə çağırıblar.
Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd istiqamətlərdə törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar dünya ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıblar.
Son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdəki diaspor təşkilatlarımız Ermənistanın sərhəd təxribatlarının dünya ölkələrinə çatdırılması və erməni vandalizminin ictimailəşdirilməsi istiqamətində fəal işlər görür. Son olaylar göstərir ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı özünü əsl əsgər kimi aparır, informasiya cəbhəsində düşmənə qarşı qəhrəmancasına vuruşur və dövlət maraqlarımızın müdafiəsi uğrunda xüsusi fədakarlıq nümayiş etdirir.