İran “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı yalnız Ermənistan tərəfinin verdiyi vədlərə arxalanmaq niyyətində deyil və prosesin gedişini diqqətlə izləməyə davam edəcək.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bazar ertəsi keçirilən həftəlik brifinqdə bildirib.
Jurnalistlərin Cənubi Qafqazda mümkün geosiyasi dəyişikliklər və regiondan kənar qüvvələrin İran sərhədləri yaxınlığında peyda olması riskləri ilə bağlı suallarını cavablandıran Baqayi TRIPP məsələsinin yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığını, ümumdövlət əhəmiyyəti daşıdığını vurğulayıb.
“Biz digər tərəflərin yalnız vədləri və təminatları ilə kifayətlənmək niyyətində deyilik. İlk növbədə, bu məsələ təkcə Xarici İşlər Nazirliyinə aid deyil, dövlət miqyaslı məsələdir. Ölkənin bütün aidiyyəti qurumları vəziyyətin inkişafını diqqətlə izləyir və zərurət yarandıqda lazımi tədbirlər görəcəklər”, – deyə İran XİN rəsmisi bildirib.
O qeyd edib ki, Tehranın prinsipial mövqeyi dəyişməz olaraq qalır. İran Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafını və nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir. Bununla belə, qonşu və regional dövlətlərin maraqlarının nəzərə alınmasını, regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməməsini vacib sayır.
BAqayinin sözlərinə görə, üçüncü ölkələrin müdaxiləsinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Çünki belə qüvvələrin mövcudluğu regional təhlükəsizliyə təhdid yarada, sabitliyi poza və İranla region dövlətləri arasında mehriban qonşuluq münasibətlərinə mənfi təsir göstərə bilər.
XİN nümayəndəsi Tehranla İrəvan arasında tarixən formalaşmış münasibətlərə də diqqət çəkib. O bildirib ki, iki ölkə arasında qarşılıqlı etimad Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan etibarən uzun illər ərzində formalaşıb.
O xatırladıb ki, İran sərhədləri yaxınlığında hər hansı hərbi və ya güc strukturunun yerləşdirilməsini dəfələrlə qəbuledilməz hesab etdiyini bəyan edib.