Komandada yaxşı atmosfer var. Ümid edirəm ki, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası rəqibdən qorxmamalıyıq.
Modern.az xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Slovakiyanın Trnava şəhərində keçiriləcək Slovakiya–Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.
“Son dörd matçda göstərdiyimiz oyuna görə az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik”, - deyə millimizin baş məşqçisi qeyd edib.
Qara Qarayevin milliyə dəvət olunmaması ilə bağlı fikirlərini bölüşən Canni De Byazi deyib: “Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki qaldı mənim müqaviləmin başa çatmasına, son iki oyunun yekun qərar vermək üçün həlledici olacağını düşünmürəm. Əlbəttə, yekun qərarı AFFA verəcək. Qərar nə olursa-olsun biz əvvəlki kimi dost münasibətimizi davam etdirəcəyik”.