Gəncə Dövlət Universitetində 2021-2022-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri, qarşıda duran vəzifələrə həsr edilmiş Elmi Şuranın növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, iclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq əvvəlcə Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra GDU-nun kimya-biologiya fakültəsinin müəllimi Vüsalə Abbasovanı fəlsəfə doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik etmiş və diplomu ona təqdim edib.
Rektor diqqətə çatdırıb ki, son illər universietin bütün sahələrində qazanılmış uğurların nəticəsidir ki, gənclər arasında bu ali təhsil ocağına maraq daha da artıb. Artıq universitet üzrə qəbul planı 93 faizi ötüb.
Rektor Yusif Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin vənizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar verdikdən sonra şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi Şurada 2021-2022-ci tədris ilinin yaz imtahan smestrinin imtahan sessiyasının yekunu, 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr barədə universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudovun hesabatı dinlənilib. Qeyd edilib ki, yaz imtahan sessiyası tədris planına uyğun olaraq 01 iyunda başlayıb, 05 iyul 2022-ci ilə qədər davam etmişdir, imtahanda ən yüksək göstəricisi Filologiya fakültəsinə aiddir. Imtahanlarda ictimai nəzarətin həyata keçirilməsi, şəffaflığın artırılması məqsədilə ziyalıları, millət vəkilləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası” yaradılması da vurğulanıb.
GDU-nun Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov onu da qeyd etdi ki, kredit sistemi tədrisin təşkili qaydalarına uyğun olaraq payız və yaz smestrindən akedemik borcu qalmış 160-dan artıq tələbə üçün yay smestri təşkil edilmişdir. 25 iyul-30 avqust 2022-ci aralığında keçirilən yay smestrində bütün tələbələr müvəffəq qiymətlər alıb. Elmi Şurada kafedralar üzrə açıq dərslərin keçirilməsinə aid qrafiklərin tərtib olunması üçün təkliflər verilib.
Sonra İnnovasiyalar departamentinin direktoru Vasif Həsənovun hesabatıdinlənilmiş və tədris-informasiya mənbələrinin müasirliyi, universitetin beynəlxalq şəbəkəsinə çıxışı, mütəxəssis hazırlığının sturukturunda aparılmış dəyişikliklər, universitein beynəlxalq əlaqələri məsələləri ətrafında müzakirələr aparılıb.
Elmi Şurada inzibai-təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov çıxış edərək universitetin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb.