Modern.az

Azərbaycan Türkiyə və İsraillə hərbi əlaqələri daha da GÜCLƏNDİRİR

Azərbaycan Türkiyə və İsraillə hərbi əlaqələri daha da GÜCLƏNDİRİR

Aktual

8 Oktyabr 2022, 15:03

Oktyabın 3-də İsrailin müdafiə naziri Benyamin Qansın Bakıya səfəri, ardınca Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana gəlməsi Ermənistanı ciddi narahat edib. Müttəfiq ölkələrin hərbi rəhbərlərinin eyni vaxta təsadüf edən səfərləri İrəvanı və onun havadarlarını təşvişə salıb.

 

Azərbaycanın hərbi əlaqələrini gücləndirməsi fonunda gedən müzakirələrdə yeni silah və hərbi texnikaların alınması məsələsi gündəmə gətirilib. Bildirilir ki, 44 günlük müharibədən qalib ayrılan Azərbaycan Ordu quruculuğunu prioritet sahə olaraq daim diqqətdə saxlayır və ən müasir silahları öz arsenalına cəlb etməyə çalışır.

 

Milli Məclisin İsrail-Azərbaycan Parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə Modern.az-a bildirib ki, müdafiə nazirlərinin Bakıya səfəri hərbi əlaqələrin daha da gücləndirilməsi baxımından önəmlidir:

 

 

“Azərbaycan Silahlı Qüvvələrini İsrailin hərb sənayesinin məhsulu olan müasir hərbi texnika ilə təchiz edir. İsrail silahları öz dəqiqliyi, müasirliyi ilə seçilir. Eyni zamanda, İsraillə Azərbaycan vaxtaşırı birgə silah və hərbi texnika istehsalını müzakirə edirlər. İsrail müdafiə nazirinin Azərbaycana səfəri həm dövlətlərarası, həm də konkret hərbi-texniki əməkdaşlığın günü gündən artdığını göstərir. Belə görüşlər ölkələri daha da yaxınlaşdırır, əməkdaşlığın gücləndirilməsinə səbəb olur”.

 

Deputatın sözlərinə görə, Azərbaycanın İsraillə əlaqələrinin möhkəmlənməsi hər hansı üçüncü ölkəyə, o cümlədən İrana aidiyyatı olan məsələ deyil:

 

“Bunu Azərbaycan tərəfi dəfələrlə elan edib. İran tərəfi ikitərəfli danışıqlarda məlumatlandırılıb. Bu konkret olaraq iki ölkənin maraqlarına xidmət edən, hansısa 3-cü ölkəyə qarşı yönəlməyən əməkdaşlıqdır. Azərbaycan İranla İsrail arasında əlaqələrin normallaşmasını istəyən, buna dəstək verməyə hazır olan dövlətdir”.

 

 

Hərbi analitik Alp Arslan İmamqulu isə bildirib ki, Azərbaycan Türkiyə və İsraillə əlaqələri daha da gücləndirməkdə maraqlıdır:

 

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı balanslı siyasətə daima diqqət yetirir. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra əlaqələrin genişləndirilməsi daha böyük əhəmiyyət kəsb edir. Xüsusən də Azərbaycanın Türkiyə və İsraillə olan münasibətlərinə qısa baxış keçirsək, hər iki dövlətin daim Azərbaycanın yanında olduğunu görə bilərik. Bu səbəbdən Azərbaycan bundan sonra da hər iki ölkə ilə siyasi və hərbi əməkdaşlığı gücləndirmək istəyir”.

 

Ekspertin fikrincə, müdafiə nazirlərinin Bakıya səfərləri olduqca mühüm əhəmiyyət kəsb edir:

 

“Bu gün Ermənistan tərəfinin revanşist fikirlər səsləndirdiyinin, şimal və cənub qonşularımızın da sanki ona dəstək verdiyinin şahidi oluruq. Qərbin də bu məsələlərə müdaxilə etmək cəhdləri Azərbaycanı öz müttəfiqləri ilə əməkdaşlığını gücləndirməyə vadar edir. Məsələyə bu aspektdən yanaşılarsa, Azərbaycana Türkiyə və İsrail müdafiə nazirlərinin gəlməsi çox önəmlidir. Bu, həm də Azərbaycanın Ordusunu daha da təkmilləşdirib, inkişaf etdirəcəyinin göstəricisidir. Belə səfərlər gələcəkdə Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?