Modern.az

Hadrutun azad edilməsinin 2-ci ildönümü qeyd edildi

Hadrutun azad edilməsinin 2-ci ildönümü qeyd edildi

Aktual

9 Oktyabr 2022, 17:25

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin 2-ci ildönümü ilə əlaqədar 9 oktyabr 2022-ci il tarixdə Xocavənd qəsəbəsi "Şəhidlər" Memorial Abidə Kompleksində ümumrayon tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edib. Tədbir Şəhidlərin məzarlarının ziyarət edilməsi ilə başlanın.

 

Tədbir iştirakçıları öncə ölkəmizin azadlığı, suverenliyi və müdafiəsi uğrunda canını qurban vermiş vətən övladlarının məzarları önünə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq, ədalət öz yerini tapıb. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirib.

 

Başçı, həmçinin bildirib ki, 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək tarixi uğura imza atıb. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad edilib. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını daha da artırıb, Zəfərə gedən yolda strateji üstünlük qazandırıb. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə barışa bilmirdilər. Düşmən anlayırdı ki, Azərbaycan Ordusu artıq Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra Ordumuzun Şuşaya yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edilib.


Tədbirdə digər çıxış edənlər də Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin tarixi, strateji əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, xüsusən də Qarabağın ən dilbər guşələrindən olan Hadrut qəsəbəsinin işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.


Tədbir zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Xocavənd  rayon bölməsinin   təşkilatçılığı ilə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına  medalların təqdimetmə mərasimi də keçirilib.

 

Sonda Salakətin kənd tam orta məktəbinin məktəblilərinin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı