Məlum olduğu kimi, dövlətimiz bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını xüsusilə diqqət mərkəzində saxlamışdır. Belə ki, bu gün Azərbaycan bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevrilib.
Bu mənada, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşü zamanı da bildirmişdir ki, “Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.”
Qeyd olunduğu kimi, bu ilin sentyabr ayında Prezident İlham Əliyevin Bolqarıstana səfəri çox məhsuldar və əhəmiyyətli olmuşdur. Səfər həm iki ölkə, həm də Avropa İttifaqı arasında münasibətlərin yeni müstəviyə çıxarılması baxımdan çox əhəmiyyətlidir. Dövlət başçısı Bolqarıstana səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti, Yunanıstanın, Ruminiyanın, Serbiyanın dövlət başçıları ilə də görüşüb və bu görüşlərdə regionumuzda sülhün təmin olunması üçün vacib məsələlər müzakirə edilib.
Bu gün Azərbaycan - Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident cənab İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çox yüksək səviyyədə icra olunur və bu gün ölkələrimiz arasındakı əməkdaşlıqlar siyasi, iqtisadi, mədəni, humanitar sahələri əhatə etməklə, çoxşaxəli inkişaf edir. Ümumiyyətlə, bu gün Azərbaycan etibarlı tərəfdaş olması ilə dünyada müsbət imic qazanmışdır.
Səfər zamanı müzakirə olunan mühüm məsələrdən biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi olmuşdur. Son illər ölkəmizdə yenidən qurulmuş avtomobil və dəmir yolları, Beynəlxalq Ticarət Limanı Azərbaycanın tranzit imakanlarını genişləndirmişdir. Belə ki, cari ildə ölkəmizin üzərindən daşınan tranzit yüklərinin həcmi 50% artıb. Bu gün müzakirə olunan Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi qitələrarası daşınmaların həyata keçirilməsi üçün ən səmərəli layihə olaraq dəyərləndirilir. Zəngəzur dəhlizinin açılması Avropaya daşınmaların təhlükəsizliyini təmin etməklə yanaşı, yeni beynəlxalq enerji layihələrin icrasını da mümkün edəcəkdir.
Mövcud imkanlar əsas verir ki, Azərbaycan bir çox ölkələri təbii qazla təmin etsin. Bolqarıstan da ölkəmizdən qaz idxal edən ölkədir. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub ki, bu məsələdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir. Bu mənada, hər iki ölkə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Prezident cənab İlham Əliyevin Bolqarıstana növbəti səfəri bu niyyəti özündə əks etdirir. Qeyd etmək lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, o cümlədən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn xətlə inkişaf etdirməkdədir. İndiki mürəkkəb və həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin dəyişdirilməsində və yenidən təşkil edilməsində mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha prezident cənab İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu gün bu layihələr Avropanın enerji xəritəsinin yenidən çəkilməsində mühüm rola malikdir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri