Modern.az

Antidepressantları məsləhət olmadan qəbul edənlər çoxalıb

Antidepressantları məsləhət olmadan qəbul edənlər çoxalıb

Aktual

10 Oktyabr 2022, 11:12

“Hazırda çox sayda antidepressant mövcuddur. Təəssüf ki, bir çox şəxslər antidepressantların yan təsirləri, fəsadları ola biləcəyi faktını nəzərə almır və təlimata uyğun olmayan şəkildə qəbul edir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarova bildirib.

 

Həkim qeyd edib ki, belə hallarda həm dərmana qarşı tolerantlıq yarana bilər:

 

“Həm də yan təsirlər ciddi problemlərə yol aça bilər. Məsələn, antidepressantların əksəriyyəti qəbul olunduğu ilk günlər ərzində ürəkbulanma, başgicəllənmə, yuxululuq, bəzən həyəcan kimi əlamətlərə səbəb olur. Əgər psixiatr tərəfindən təyin edilmədən qəbul edilibsə, sözsüz ki, şəxs adıçəkilən əlamətlərlə bağlı suallarına cavab tapa bilmədiyindən dərmanı pərakəndə qəbul etməyə başlayır və ya dayandırır. Antidepressantı qəfil dayandırdıqda kəsilmə sindromu başlaya bilər. Bəzən əksinə, doza həddini aşırlar. Bu zaman serotonin sindromu kimi ciddi bir fəsadla üzləşirlər. Hər iki sindrom zamanı həkim nəzarəti mütləqdir.

Bundan əlavə, dərmanlara qarşı yüksək həssaslığı da diqqətdə saxlamaq lazımdır. Xüsusən allergiyalı şəxslər psixiatrın nəzarəti olmadan antidepressant qəbul etməməlidir. Eyni zamanda, ürək-damar xəstəlikləri olan insanlara antidepresan qəbul etmək tövsiyə edilmir. Qan və laxtalanma ilə bağlı patologiyası olan şəxslər də xüsusi diqqətli olmalıdır".

 

“Bəzi psixi pozuntular zamanı, məsələn depressiya olduqda şəxsin özünətənqidi saxlanılır. Lakin depressiyanın təsirilə onlar psixiatr və ya psixoloqa müraciət etməkdən imtina edirlər. Belə şəxslərin yaxınları əlamətlərin neçə vaxt davam etməsinə diqqət etməlidirlər. Əgər 2 həftədən çox müddət müşahidə etsələr mütləq mütəxəssisə aparmalıdırlar. Psixoloji dəstək məqsədilə psixoloqa da müraciət etmək olar. Ciddi psixi pozuntu aşkar etdiyi halda psixoloq həkimə yönləndirəcək. Qeyd edim ki, psixiatr və psixoloq müayinəsi hər zaman anonimlik şəkildə aparılır”, - nazirlik rəsmisi əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı