“Çıraqov və digərləri Ermənistana qarşı” işində məğlub olan İrəvan Avropa Məhkəməsinin qərarını hələ də icra etməyib.
Bu barədə Modern.az-a Laçın rayonundan olan keçmiş məcburi köçkün Fəxrəddin Paşayev bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi təzminat ödəməkdən boyun qaçırır və Avropa Məhkəməsinin qərarına laqeyd münasibət sərgiləyir:
“Bizə dəymiş maddi zərəri faktlarla, sənədlərlə hesabladıq. Bizim hesablamalarımıza əsasən hər birimizə dəyən maddi ziyan iki milyon dörd yüz min avro idi. Bundan əlavə vəkillərimiz bizə dəyən mənəvi ziyanı da nəzərə almışdı. Onların hesablamalarına görə, bu rəqəm 50 min avro civarındadır. Ancaq məhkəmə simvolik olaraq bizim hər birimizə 5 min avro təzminat ödənilməsi ilə bağlı qərar verdi. Təzminat məbləği hələ də ödənilməyib. Ancaq əsas odur ki, biz erməniləri Avropa Məhkəməsində məğlub etdik”.
F.Paşayev vurğulayıb ki, məhkəmə konkret olaraq 6 nəfər barəsində qərar versə də, digər məcburi köçkünlərlə bağlı məsələyə də toxunulub:
“Qərarda qeyd edilib ki, Ermənistan hökuməti digər məcburi köçkünlərin qarşısında da məsuliyyət daşıyır. Ermənistan buna görə bizə təzminatı ödəmədi. Əgər Ermənistan 6 nəfərə təzminatı ödəsəydi, onda bir milyona yaxın məcburi köçkünə təzminat ödəməli olacaqdı. Bizim vəkillərimiz və Azərbaycan hökuməti Avropa Məhkəməsinin icraedici orqanı olan Avropa Nazirlər Komitəsinə müraciət etmişdi ki, qərar icra olunsun. Bu günə qədər hələ də qərar icra olunmayıb. Çünki Avropa Nazirlər Kabineti Ermənistana təzyiq göstərməkdən çəkinir. Avropa Nazirlər Kabineti qərarın icra edilməsi üçün Ermənistan hökumətinə sanksiyalar tətbiq etməli idi. Ancaq bu baş vermədi. Buna baxmayaraq, biz məsələnin üzərinə hələ də gedirik”.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanıb.
Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.