Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində II Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdovun əziz xatirəsinə həsr edilmiş “Xarıbülbül” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadov və şəhidlərin ailə üzvləri iştirak edib.
Tədbirdə Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizə həsr edilən tədbiri giriş sözü ilə Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd edib ki, bu gün Azərbaycan xalqında milli vətənpərvərlik hissinin yüksək olması qürürvericidir. Gəncə Dövlət Universitetində tez-tez qazilərlə və şəhid ailələrinin üzvləri ilə görüşlər keçirilir, onların döyüş yolları, göstərdikləri qəhrəmanlıqlar tələbələrə çatdırılır.
Çıxış edən şəhidin ailə üzvləri Hikmət Məmmədov və Orxan Cümşüdovun döyüş yolundan danışıb. Qeyd edilib ki, Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin məzunları olmuş şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov daim fəalliyyətləri ilə seçiliblər. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, Goranboy rayonunun Buzqulaq kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş şəhid Hikmət Məmmədov isə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişlər.
Tədbirin davamında Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib.
Qeyd edək ki, həmin gün Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov adına auditoriyaların da açılışı olub. Auditoriyalarla tanışlıq zamanı qeyd edilib ki, burada olan fotostend vasitəsi ilə şəhidlərin keçdikləri həyat yolu daim öyrəniləcəkdir.
Hər iki şəhidin yaxınları - şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov adına auditoriyanın hazırlanaraq tələbələrin ixtiyarına verilməsinə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.