Yeni Azərbaycan Partiyasının 30-cu il dönümü ilə əlaqədar gənclərlə görüş kecirildi. YAP Kəlbəcər rayon təşkilatı partiyanın fəal gəncləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, gənclərin hərtərəfli inkişafı, həmçinin, onların müxtəlif strukturlarda geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Partiyamızın siyasi dinamizmini təmin edən mühüm amillərdən biri uğurlu gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir.
Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Digər çıxış edən gənclər bildirdilər ki, gənclər ölkəsi olan Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənçləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən bir qrup fəal gənclərə Fəxri fərmanlar təqdim edildi.