“Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyimiz üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyişdir”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistanın Soçi görüşündən əvvəl və sonrakı siyasəti dəyişməz olaraq qalır. Paşinyan, həmçinin vurğulayıb ki, Soçidə baş tutan üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib.
“Biz razılaşmaları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”, - Baş nazir deyib.
Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.