Fransada Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə etiraz olaraq aksiya keçirilib.
Modern.az xəbər verir ki, aksiya Milli Assambleyanın yaxınlığında təşkil olunub.
Aksiyada 100-dən çox soydaşımız iştirak edib.
Fransada yaşayan diaspor fəalı, hüquqşünas Zaur Sadıqbəyli Modern.az-a bildirib ki, aksiya iştirakçıları Azərbaycan üçün ədalət tələb ediblər.
Onun sözlərinə görə, etirazçılar “Ədalət tələb edirik!”, “Terrorizmə yox deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar səsləndiriblər.
"Eyni zamanda etirazçılar Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını nümayiş etdirirlər. Diaspor fəallarımız fransız deputatları ədalətli olmağa, balanslı debatlar aparmağa çağırıblar", - deyə Zaur Sadıqbəyli vurğulayıb.
Qeyd edək ki, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə bundan əvvəl Fransa Senatında müzakirə olunaraq qəbul edilib.
Noyabrın 28-də Fransa Milli Assambleyası bədnam qətnaməni müzakirəyə çıxaracaq.

