“İki il bundan əvvəl qazandığımız şanlı qələbə nəticəsində torpaqlarımızın ərazi bütövlüyü təmin edilib. Bu gün isə Cənubu Qafqazda lider dövlət olan Azərbaycanın milli priotertləri üçün hədəflərinə çatmaq vacibdir”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib:
“Bu gün qarşımızda duran əsas vəzifə milli priotertlərimizin ilki olan Böyük Qayıdışı təmin etməkdir. Bizim üçün işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı təmin etmək vacibdir. Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb və işlər davam etdiriləcək".
Baş nazir vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatının güclənməsinə təkan verəcək:
"Regionun iqtisdiyyatının inkişafı üçün genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur regionunun sürətlə dirçəlməsinə səbəb olacaq. Dövlətimizin qarşısında duran digər ən vacib vəzifə ölkənin müdafiə qüvvəsinin gücləndirilməsidir. Ordumuzun müasir silah-sursatlarla təmin edilməsi, əsgərlərimizin sosial rifahının gücləndirilməsi bizim üçün əsas qayədir. Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait hər zaman bizim üçün öncəlik olacaq".