Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydaları müəyyənləşir.
Modern.az xəbər verir ki, bu, “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.
Layihəyə görə, tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə bu maddədə nəzərdə tutulmuş qaydada qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda, onların enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması bu maddənin beşinci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti obyektlərindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı (elektrik enerjisi istehsalçılarına münasibətdə yalnız podratçı), yaxud enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən sifarişçinin hesabına həyata keçirilir.