Modern.az

Saakaşvili niyə bu günə qaldı...

Saakaşvili niyə bu günə qaldı...

Aktual

19 Dekabr 2022, 16:52

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsdə səhhətinin pisləşməsi və qısamüddətli aclıq aksiyalarından sonra bu siyasətçi haqqında cəmiyyətdə gedən müzakirələr yenidən aktivləşməyə başlayıb.

 

Publik fiqur kimi Azərbaycan ictimaiyyətinin hər zaman diqqət mərkəzində olan Saakaşvilinin fəaliyyəti, atdığı addımlar və gördüyü işlər daim böyük maraq doğurub. Eks-prezidentin istər Gürcüstandakı prezidentlik dövrü, istər Ukraynadakı siyasi fəaliyyət dönəmi, istərsə də ölkəyə qayıdışından sonra başına gələnlər Saakaşvilinin psixoloji portretini cızmaq üçün çoxlu ipucular verir.

 

Son hadisələrlə bağlı daha çox onun Gürcüstana qayıdışından bəri davam edən siyasi proseslərə nəzər yetirməyə çalışacağıq. Mixail Saakaşvili hələ 2021-ci ilin aprelində ölkəsinə qayıtmaq arzusunu dilə gətirmişdi və bunun baş verəcəyi barədə anons vermişdi. Həmin vaxt bir sıra təhlilçilər, eləcə də Gürcüstan hakimiyyətinin nümayəndələri Saakaşvilinin həbs təhlükəsindən ehtiyatlanaraq bu addımı atmayacağını deyir, sözügedən açıqlamaları siyasi blef kimi qiymətləndirirdilər.

 

Lakin onlar unudurdular ki, siyasətlə məşğul olan şəxslər, liderlik iddiasında olan siyasətçilər həbs təhlükəsi, müxtəlif təzyiqlər və siyasi təqiblər kimi məsələlərdən çəkinmirlər və bu cür ehtimalları gözə alaraq yola çıxırlar. Saakaşvilidən əvvəl də tarixdə bunun onlarla örnəyi var. Son nümunəni isə rusiyalı müxalifətçi Aleksey Navalnının timsalında görmək mümkündür. Rusiyada zəhərlənəndən sonra Almaniyada müalicə alan Navalnı açıq şəkildə ölkəyə qayıdacağı təqdirdə həbs olunacağı barədə rəsmi bəyanatlara rəğmən Rusiyaya geri döndü və hazırda həbs həyatı yaşayır.

 

Saakaşviliyə görə Kiyevdəki Gürcüstan səfirinin geri çağırılması, iki ölkə arasında münasibətlərin gərginləşməsi, Ukraynanın özündə də Poroşenko dövründə siyasi rəhbərliyin ondan böyük narazılığı və vətəndaşlığının əlindən alınması (sonradan Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa etdi) və s. hər zaman qalmaqalların içində olan bu siyasətçinin Gürcüstana qayıdacağı halda böyük siyasi proseslərin başlayacağı təəssüratını yaradırdı.

 

 

Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvilinin məşhur “Saakaşvili üçün həbsxana və qalstuk kolleksiyası hazırlanır” açıqlamasındakı təhdid və ironiya da Saakaşvilini qərarından daşındırmadı və o, “Gürcüstana gedəcəyəm, həbsdən qorxmuram” dedi. “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidzenin “Saakaşvili Gürcüstana gəlməyə cürət etməyəcək” proqnozu da özünü doğrultmadı.

 

2021-ci ilin sentyabr ayının sonlarında Saakaşvilinin 2 oktyabr tarixi üçün Tbilisiyə bilet alması barədə paylaşdığı məlumat Qaribaşvili tərəfindən sərt qarşılandı: “Saakaşvili Gürcüstana ayaq basan kimi həbs olunacaq”.

 

“Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam” - oktyabrın ilk günü Saakaşvilinin feysbuk səhifəsində bu paylaşım göründü. Bundan sonra Gürcüstanın Daxili İşlər Nazirliyi faktı təkzib etdi. Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası isə sabiq prezidentin Gürcüstan ərazisində - Batumi şəhərində olduğunu təsdiqlədi. Saakaşvili 2 gün sonra Tbilisidə olacağını açıqladı və tərəfdarlarına mitinq çağırışı etdi. Bu açıqlamadan sonra Gürcüstan DİN Batumiyə xüsusi təyinatlılar göndərdi və beləliklə, Saakaşvilinin həbsinə hazırlıq başladı.

 

Saakaşvilinin Gürcüstana qayıtmasına Rusiyanın reaksiyası da özünü çox gözlətmədi. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov eks-prezident haqqında mətbuata açıqlamasında bildirmişdi: “Bu, Kreml üçün maraqlı mövzu deyil. Amma o, harada olursa, orada “sirk” var”.

 

Həmin günün axşamı Saakaşvilinin həbs edilməsi xəbərini ictimaiyyətə İrakli Qaribaşvili açıqladı və bununla bağlı görüntülər yayıldı. Saakaşvili ilk aclıq aksiyasına məhz həmin gün başladı.

 

 

Bundan sonra beynəlxalq reaksiyalar, Ukrayna və ABŞ-dan Saakaşvilini dəstəkləyən, həbs qərarına yenidən baxılmasını tövsiyə edən açıqlamalar gəldi. Sabiq prezidentin tərəfdarları onun azad olunması tələbi ilə genişmiqyaslı aksiyalara başladılar. İlk günlərdən Saakaşvilinin səhhətində problemlər yarandı. Onun sürətlə çəki itirməsi, hərəkət etməkdə çətinlik çəkməsi barədə məlumatlar yayıldı.

 

2021-ci ilin noyabrında Saakaşvili həbs dövründə ilk dəfə xəstəxanaya yerləşdirildi. O, daha sonra aclıq aksiyasını dayandırdığını elan etdi. Paralel olaraq ölkəni bürüyən etirazlar davam edirdi. Bundan əlavə, Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan baş naziri İrakli Qaribaşvilidən Saakaşvilinin ailəsi ilə görüşünə şərait yaratmağı xahiş etdi.

 

Noyabrın 23-də Saakaşvili “Qızılgül inqilabı”nın (Saakaşvilinin 2003-cü ildə hakimiyyətə gəldiyi inqilab) 18-ci ildönümü ilə bağlı ictimaiyyətə həbsdən məktub ünvanladı. Onun sözlərinə görə, “Qızılgül inqilabı”na qədər Gürcüstan qaranlıqda idi, ondan sonra isə parıldamağa başladı. Siyasətçi onu da qeyd etmişdi ki, Gürcüstan keçmiş şərəf və əzəmətini geri qaytaracaq.

 

İkinci dəfə bu ilin fevral-mart aylarında aclıq aksiyası keçirən Saakaşvilinin səhhəti yenidən ağırlaşıb. Buna paralel olaraq Gürcüstanda siyasi proseslər də gərginləşib. Məhkəmə zamanı halı pisləşən siyasətçi əlil qala biləcəyi, hətta öləcəyi barədə həyəcan dolu xəbərdarlıq edib.

 

Mayda Saakaşvili həbsxanadan müalicə üçün klinikaya köçürülüb. Oktyabr-noyabr aylarına qədər proseslər səngisə də, dekabrdan yenidən Saakaşvili ətrafında qalmaqal alovlanıb. Səhhəti pisləşən, aclıq aksiyasına başlayan sabiq Gürcüstan prezidenti etirazlar fonunda “Vivamed” klinikasına köçürülüb. Analizlər nəticəsində onun bədənindən ağır metallar aşkarlanıb, qızdırma və iştahsızlıq əmələ gəlməsi, habelə sürətlə çəki itirməsi, əzələlərində ağrı və atrofiya qeydə alınması barədə məlumatlar gündəmə gəlib. Eyni zamanda eks-prezidentin anası mətbuata açıqlamasında Saakaşvilinin siyasətlə məşğul olmayacağını bəyan edib.

 

Lakin bütün bunlar onun həbsdən çıxmasına səbəb olmadı. Rusiyaya bağlılığı şübhə doğurmayan gürcü oliqarxı Bidzina İvanişvilinin idarə etdiyi hakim “Gürcü Arzusu” Partiyası siyasi rəqibini azadlığa buraxmaqdan yayınır. Görünür, hakimiyyətdə olduğu dövrdə cəsarətli şəkildə açıq anti-Rusiya xətti tutan, qərbyönümlü siyasət yürüdən Saakaşvilinin azad olunması Abxaziya və Cənubi Osetiyanın işğalı, separatçı qurumların müstəqil dövlət kimi tanınmasından sonra da Rusiya ilə əlaqələri tam pozmayan, Yuxarı Lars yolundan gediş-gəlişə, yüklərin daşınmasına şərait yaradan, hətta Ukraynaya dəstək məsələsində də kövrək addımlarla kifayətlənən Gürcüstan hakimiyyətinin maraqlarına uyğun deyil.

 

Burası aydındır. Bəs gürcü xalqının mövqeyi? Gürcüstan cəmiyyəti nə üçün onları səfalət və korrupsiya bataqlığından çıxararaq, normal ölkəyə çevirən siyasi liderin – Saakaşvilinin arxasında durmadı?..

 

Bu məqamda belə bir deyim yada düşür: "Divar tikiləndən sonra bənna yaddan çıxar".

 

Modern Təhlil qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?