Hər həftə COVID-19 səbəbindən dünyada on min nəfər ölür. Real rəqəmlər isə qat-qat artıqdır.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, COVID-19 ilə mübarizədə irəliləyişə baxmayaraq, təhlükənin tam aradan qaldırılması hələ mümkün olmayıb.
“Son vaxtlar xəstəxanaya yerləşdirmə göstəriciləri artıb. ÜST həmişəki kimi bütün dünya üzrə müalicəyə əlçatanlığı yüngülləşdirməyə çalışır. ÜST koronavirusun mümkün təhlükəli mutasiyalarını qaçırmamaq üçün Çində epidemioloji vəziyyəti bundan sonra da izləmək niyyətindədir və bu ölkənin rəsmilərini müvafiq tədqiqatlar aparmaq və məlumatı vaxtlı-vaxtında paylaşmağa çağırır. Biz bir daha Çindən xəstəxanaya yerləşdirmə və ölüm halları barədə operativ və yoxlanılmış məlumatın mütəmadi olaraq təqdim etməsini xahiş edirik. ÜST Çin əhalisinə təhdidlərdən çox narahatdır və xatırladır ki, buster dozası da daxil olmaqla, vaksinasiya çox vacibdir. Vaksinasiya xəstəxanaya yerləşdirmə, xəstəliyin ağır keçməsi və ölümdən müdafiə edir”, - ÜST rəhbəri bildirib.
O, eyni zamanda yeni viruslar haqqında məlumat verib.
“Yeni variantlara gəldikdə, hazırda ekspertlər “omikron”un bir neçə altnövünü izləyirlər. Virus nə qədər çox yayılsa, mutasiya təhlükəsi daha çoxdur. Hazırda ÜST xəstəliyə yoluxma hallarının artacağını gözləyir, lakin mütləq ölüm halları az olacaq. Çünki mövcud vasitələr hələ də xəstəliyin ağır gedişindən və ölümdən qoruyur”.