Bir neçə gün öncə Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet Ermənistana səfər edib. O, iki günlük səfər çərçivəsində baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.
Fransalı spiker İrəvanda çıxışı zamanı erməni separatçılarını məyus edən fikirlər səsləndirib. Belə ki, Yael Braun-Pivet Fransanın Qarabağın müstəqilliyini tanımadığını söyləyib.
“Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”, - spiker vurğulayıb.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün şansların tükənmədiyini diqqətə çatdırıb.
Ümumilikdə fransalı spikerin İrəvana səfəri nəyə hesablanmışdı?

Bu barədə Fransa senatının üzvü Natali Qule Modern.az-a eksklüziv açıqlama verib. Senatorun fikrincə, spikerin Ermənistana səfəri erməni diasporuna dəstək məqsədi daşıyır:
"Fransa Milli Assambleyasının sədrinin Ermənistana səfəri erməni diaporuna dəstək məqsədilə həyata keçirilib. Əslində erməni diasporundan daha çox dəstək almaq üçüm belə addım atılıb. Sədrin orada hansı mesajlar verdiyi haqda tam məlumatım yoxdur, amma bilirəm ki, o, prezident Makronun səsidir. Xanım sədr Ermənistanda Fransa hakimiyyətinin dili ilə çıxış edib".
"Ümid edirəm ki, Fransa-Azərbaycan əlaqələri də güclənər. Amma hazırda Fransanın hər hansı rəsmi şəxsinin Azərbaycana səfərinin olacağını düşünmürəm. Biz iki ölkə arasında əlaqələrin güclənməsi üçün çalışmalıyıq”, - senator əlavə edib.