Modern.az

Ermənilər buna davam etsələr...

Ermənilər buna davam etsələr...

Aktual

20 Yanvar 2023, 09:46

Ermənilərin Avropadakı lobbiçilərinə xidmət edən bir qrup Avropa Parlamenti üzvləri növbəti dəfə ölkəmizə qarşı qaryaxma kampaniyası həyata keçirirlər.

 

Modern.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, bu kampaniya paralel olaraq həm parlament səviyyəsində, həm də Avropa Birliyinin fərqli icra strukturları səviyyəsində aparılır:

 

"Hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən İslandiyanın xarici işlər naziri və bölgədə baş verənlərdən xəbəri olmayan bir sıra digər rəsmi şəxslər Laçın dəhlizində baş verənlərin guya Qarabağ erməniləri üçün humanitar fəlakət yaratdığını və bu səbəbdən “narahat olduqlarını” ifadə ediblər. Ara-sıra müxtəlif Avropa ölkələrində də bu təbliğatın əks-sədası eşidilməkdədir. Aydındır ki, bu məsələ ilə bağlı fikir bildirən və Azərbaycana qarşı əsassız iddialar səsləndirən Avropalı deputatlar və məmurlar məhz erməni diasporunun gündəliyini yerinə yetirənlərdir. Onların erməni maraqlarına xidməti heç də təmənnasız deyil.
Bu yaxınlarda Avropa parlamentinin vitse-prezidenti səviyyəsində lobbiçilik fəaliyyətinə görə rüşvət alınması ilə bağlı baş vermiş həbslərdən sonra düşünmək olardı ki, Avropalı deputatlar və məmurlar rüşvət müqabilində lobbiçilik fəaliyyətindən çəkinəcəklər. Lakin görünür ki, erməni diasporu elə vəsaitlər təklif edirlər ki, Avropalı deputatlar ondan imtina edə bilmirlər".

 

Deputat vurğulayıb ki, erməni diasporu anti-Azərbaycan xarakterli təbliğat işlərinə külli miqdarda vəsait xərcləyir:

 

"Ermənistanda siyasətçilər və hökümət adamları Laçın – Xankəndi yolunda eko-fəallar tərəfindən keçirilən davamlı aksiyalardan beynəlxalq platformalarda Azərbaycana qarşı təbliğat kampaniyası kimi istifadə edilməsini özlərinin fəaliyyət planı kimi təqdim edirlər. Paşinyan hökümətinin bir sıra üzvləri, o cümlədən, Təhlükəsizlik Şurasının katibi A. Qriqoryan və Xarici işlər naziri A. Mirzoyan öz müsahibələrində bu məsələ ilə bağlı dünya erməniliyi səviyyəsində anti-Azərbaycan təbliğatının təşkil olunmasının zəruriliyi haqqında açıq-aşkar danışırlar. Bu kimi açıqlamalar xarici ölkələrdəki erməni diaspor təşkilatları üçün təlimatdır və bu təlimata uyğun olaraq da son zamanlar erməni diasporu anti-Azərbaycan xarakterli təbliğat işlərinə külli miqdarda vəsait xərcləyir.
Lakin bütün bunlar ermənilərin əbədi problemini heç cür həll edə bilməyəcək. Ermənilər öz siyasətini riyakarlıqla, şər-böhtanla yox, beynəlxalq qaydalar əsasında, sivil dünya qanunları ilə təşkil etməyincə həmişə dünyanın “ən cəfakeş”, daim əzilən, döyülən və üzünə tüpürülən xalqı olmaqda davam edəcəklər. Bu onların öz seçimidir.


Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri təşkil etdikləri aksiyalarla ölkəmizdə bir qrup erməni cinayətkarlar tərəfindən aparılan və nəticədə ölkəmizin ekologiyasına və iqtisadiyyatına vurulan külli miqdarda zərərə, qeyri-qanuni fəaliyyətə qarşı öz etirazlarını bildirirlər. Bu onların haqqıdır və nə Avropa Parlamenti, nə də tutduğu vəzifədən asılı olmayaraq hər hansı bir Avropa məmuru onların bu haqqını inkar edə bilər".


“Azərbaycan dövləti məhz beynəlxalq sivil qaydalar əsasında, vətəndaş cəmiyyətinin bilavasitə fəal iştirakı ilə bütün ərazisi üzərində və eləcə də özünə məxsus təbii sərvətləri üzərində suveren hüquqlarını təmin edəcək.”- deyə Cavanşir Feyziyev əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi