“Davosda Dünya İqtisadi Forumunun bu ilki toplantısı “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilir. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edib:
"Dövlətimizin başçısı Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb. Cənab Prezident, o cümlədən Çinin CGTN televiziya kanalına müsahibə verib. Müsahibədə dövlətimizin başçısı Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost ölkələrdir. Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində keçirilmiş “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdı. Ümumiyyətlə, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi yüksəkdir. Eləcə də, iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir".
Deputatın sözlərinə görə, Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsinin fəal şəkildə dəstəkləyir: “Bir kəmər, bir yol” layihəsi indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox önəmli təşəbbüsdür. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstəricinin 25 milyon tona qədər artırılması nəzərdə tutulur. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Eləcə də, Zəngəzur dəhlizi reallaşandan sonra bu layihənin önəmi daha da artacaq. Cənab Prezidentin müsahibədə dediyi kimi, Çinin qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu baxımdan, Azərbaycanın bu ölkə ilə iqtisadi münasibətlərinin böyük əhəmiyyəti var. Bu münasibətlər beynəlxalq platformalar çərçivəsində də uğurludur. Hər iki ölkə beynəlxalq müstəvidə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir".
“Bütövlükdə, ölkələr arasında əməkdaşlıq üçün çox möhkəm baza mövcuddur. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Ölkəmiz Orta Dəhlizlə bağlı Çin lideri Si Cinpinin təşəbbüslərini də tam dəstəkləyir. Bir sözlə, Azərbaycan və Çinin çoxşaxəli münasibətləri mövcuddur. Bu münasibətlərin davamlı olaraq inkişaf edəcəyi şübhəsizdir”,- deyə Fatma Yıldırım vurğulayıb.