Bu gün Almaniyanın Ramşteyn şəhərində yerləşən ABŞ bazasında Ukraynaya yardım qrupunun növbəti görüşü keçirilib. 50-yə yaxın ölkənin müdafiə rəsmiləri bazada toplanaraq Kiyevə hərbi yardım barədə müzakirələr aparıblar. Görüş zamanı Ukraynanın tələb etdiyi Almaniya istehsalı “Leopard” tankları barədə razılıq əldə olunmayıb.
Modern.az bildirir ki, Almaniya tankların çatdırılması üçün müttəfiqlərin razılığa ehtiyac olduğunu bildirib. Ölkənin yeni müdafiə naziri Boris Pistorius tanklarla bağlı qərarın nə vaxt veriləcəyini deyə bilməyəcəyini, lakin müttəfiqlər arasında konsensus olacağı təqdirdə Almaniyanın sürətlə addım atmağa hazır olduğunu deyib: “Bütün müsbət və mənfi cəhətləri çox diqqətlə ölçmək lazımdır”.
Kansler Olaf Şoltsun rəhbərlik etdiyi hökumət tankların ixracına icazə verməkdən çəkinir. Bəzi Qərb rəsmiləri Rusiyanın müasir Qərb silahlarını ələ keçirə və onun texnologiyasını oğurlaya biləcəyindən narahat olduqlarını bildiriblər. Kreml Ukraynaya tankların verilməsinin kömək etməyəcəyini və Qərbin “səhvindən” peşman olacağını bildirib.
Ramşteyn görüşünün əvvəlində çıxış edən Ukrayna prezidenti Volodmir Zelenski müttəfiqlərə dəstəyə görə təşəkkür edib, lakin daha çox silah və daha sürətli tədarük lazım olduğunu deyib. “Biz sürətləndirməliyik. Zaman bizim silahımıza çevrilməlidir. Kreml uduzmalıdır”, - deyə Zelenski qeyd edib.
Nəticə etibarilə rəsmi Berlin hələlik “Leopard” tanklarını Ukraynaya verməyə tərəddüd edir. Almaniya hökumətindəki mənbə Reuters agentliyinə bildirib ki, əgər ABŞ öz tanklarını göndərməyə razı olarsa, Berlin Almaniya istehsalı olan tankların göndərilməsinə icazə verəcək. Vaşinqton isə “Abrams” tanklarını hələlik Ukraynaya verməyəcəyini bəyan edib. ABŞ rəsmiləri deyir ki, bu tankları saxlanılması və istifadə xərcləri çoxdur, Ukraynanın bu xərcləri qarşılaması çox çətin olacaq. Qaz turbinli mühərriklərlə təchiz edilən “M1 Abrams” tankları kerosinlə işləyir.
Tanklar Almaniyanın “Krauss-Maffei Wegmann” müdafiə şirkəti tərəfindən 1978-ci ildə başlayaraq istehsal edilir. O vaxtdan bu yana Almaniya şirkəti 3500-dən çox “Leopard 2” tankı istehsal edib. Tankın çəkisi 60 tondan artıqdır, 120 mm-lik silaha malikdir və beş km-ə qədər məsafədəki hədəfləri vura bilir.
Kanada, Danimarka, Finlandiya, Niderland, Norveç, Avstriya, Polşa, İspaniya, İsveç və Türkiyə daxil olmaqla təxminən 20 ölkə “Leopard 2”dən istifadə edir. Tankların sayının və istifadəçi ölkələrin sayının çox olması onların təlimini və texniki xidmətini də asanlaşdıracaq. Bundan başqa, “Leopard” Rusiyanın nisbətən müasir T-90 tanklarına rəqib olaraq yaradılıb və onlara qarşı mübarizə apara bilər.
Akif İsmayılov