İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Tel-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır.
Modern.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İsrailin İrana hava zərbələri endirməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq, İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf edib. Böyük ehtimalla, zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.
"İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərindəki hərbi təhcizat anbarını vurub. Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq. İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq", - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, İranın İsfahan şəhərində güclü partlayış səsləri eşidilib. Partlayış Müdafiə Nazirliyinə məxsus zavodda baş verib. Səbəbin dron hücumu olduğu deyilir.
Məlumata görə, ötən gün axşam saatlarında İran Müdafiə Nazirliyinin İsfahandakı sursat anbarına PUA-larla hücum olub. İRNA xəbər verir ki, pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə hərbçilər tərəfindən partladılıb.
Hadisədən sonra İran Hərbi Hava Qüvvələri və İnqilab Keşikçiləri Korpusuna tam hazır olmaq əmri verilib. Kermanşah raket bazası döyüş hazırlığı vəziyyətinə gətirilib və bütün şəxsi heyət bazaya çağırılıb.
Bundan başqa, İranın Tehran, Rəşt, Təbriz və digər şəhərlərində də partlayışlarla müşayiət olunan hava hücumları barədə xəbərlər dolaşır. Bununla bağlı videogörüntülər sosial şəbəkələr yayılıb. Kadrlarda hava hücumundan müdafiə sistemlərinin və partlayış səsləri eşidilib, lakin detallar açıqlanmayıb.