Çox təəsüflər olsun ki, biz indiyə kimi İran İslam Respublikasını özümüzə dost və qardaş ölkə hesab etmişik. Dost və qardaş bildiyimiz bu ölkə müstəqil Azərbaycan Respublikasına qarşı uzun illərdir ki, davamlı olaraq düşmənçilk edir.
Belə ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini daim müdafiə etmiş, özünü islam respublikası elan etsə də ermənilərin işğal etdikləri Azərbaycan ərazisində məsçidləri tamamilə sökmək və bəzi yarasız hala saldıqları məsçidlərdə donuz saxlamaqla islami dəyərləri təhqir etmələrinə göz yummuşlur. İran hakimiyyəti ermənilərin Azərbaycana qarşı apardığı birinci və ikinci Qarabağ müharibələrində nəinki düşmən ölkə olan Ermənistana hərbi və mülki yardım göstərmiş, habelə işğal olunmuş ərazilərin viran qoyulmasında Ermənistanla birlikdə fəaliyyət göstərmiş, Ermənistanın bir ölkə olaraq indiyə kimi yaşamasını təmin etmişdir. Bütün bunlara baxmayaraq, ölkəmiz İrana qarşı pis niyyətdə olmamış, indiyə kimi səmimi münasibətini saxlamışdır. Lakin İran İslam Respublikası Azərbaycanın həyata keçirdiyi bu mehriban qonşuluq siyasətini lazımınca qiymətləndirmək əvəzinə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra ölkəmizə hədə-qorxu gəlməklə açıqdan-açığa düşmənçilik siyasəti aparmağa başlamışdır. Bunun məmtiqi sonluğu isə bu il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə xain əməllərin davamı olan qanlı hücumla nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları haqlı olaraq bu xain hücumu terror aktı adlandıraraq onu şiddətlə qınadığını və bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu İran İslam Respublikasının Prtezidentinə bildirib. Mən də bir vətəndaş və Millət Vəkili olaraq bu terror aktını böyük ürək yanğısı ilə lənətləyir, Azərbaycan Respublikası Prezidentinin bu məsələ ilə bağlı fikirlərini dəstəkləyirəm.
Onu da qeyd etmək istəyirəm ki, İranın Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi bu qanlı terror dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də qətiyyətlə pislənilir və qəbuledilməz hesab olunur. Ona görə də İran İslam Respublikasından Azərbaycan Respublikasına qarşı yeritdiyi terrora və xain siyasətə son qoyulmasını tələb edirik.
Eldar İbrahimov
Milli Məclisin İntizam komissiyasının
sədri, iqtisad üzrə elmlər doktoru,
professor