2030-cu ildə ölkə üzrə yaşayış minimumu 359 manat olacaq.
Modern.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
“2027–2030-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 314, 329, 344 və 359 manat təşkil edir. 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilmişdir. 2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilib.
Qarşıdakı dövrdə əsas vəzifələrimiz qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin mütəmadi qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmləri yaradılması, qeyri-neft-qaz ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdışa dair ikinci dövlət proqramının icrasını təmin etməkdən ibarətdir”, - deyə nazir müavini qeyd edib.