Uşağa qulluğa görə müavinət təyin edilməsi üçün azı 6 ay sosial sığorta stajının olması təklif edilir.
Modern.az xəbər verir ki, bu tələb “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda bu müavinətin təyin edilməsi üçün minimum sosial sığorta stajı tələbi yoxdur. Layihənin əsaslandırılmasında bildirilir ki, bu vəziyyət sırf müavinət almaq məqsədilə qısamüddətli əmək müqavilələrinin bağlanması və faktiki işə başlamadan uşağa qulluğa görə sosial məzuniyyətə çıxılması riskini artırır.
Altı aylıq staj tələbinin tətbiqi ilə mümkün sui-istifadə hallarının qarşısının alınması və müavinətin təyin olunması qaydasının digər oxşar sosial sığorta ödənişlərinə uyğunlaşdırılması nəzərdə tutulur.
Hazırda aylıq müavinət uşağın yaş yarımınadək 44 manat, yaş yarımdan üç yaşınadək isə 28 manatdır. Bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb. Layihənin əsaslandırılmasına görə, yeni staj tələbi gələcəkdə müavinətin artırılması üçün də zəmin yarada bilər.