Modern.az

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək 

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək 

Ölkə

Bu gün, 12:51

Azərbaycanda bəzi iş yerlərində saatlıq əməkhaqqı sisteminin tətbiqi və hər iş saatına görə ödənişin minimum məbləğinin müəyyən edilməsi təklif olunur.

Modern.az xəbər verir ki, bu dəyişikliklər Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, saatlıq əməkhaqqı təsdiqlənmiş siyahıya daxil olan iqtisadi fəaliyyət növləri üzrə çalışan müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində tətbiq edilə bilər. Bunun üçün əmək müqaviləsi bir aydan az müddətə bağlanmalı və ya həftəlik iş vaxtı 20 saatı keçməməlidir. Büdcədən maliyyələşdirilən müəssisələrdə isə saatlıq ödənişə əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda yol veriləcək.

Bir saatdan az işə görə də tam saatın haqqı ödəniləcək

Saatlıq əməkhaqqı alan işçiyə hər iş saatına görə minimum saatlıq əməkhaqqından az ödəniş edilə bilməz. İşçi gün ərzində bir saatdan az işləsə belə, ona ən azı bir saatın minimum əməkhaqqı ödəniləcək. Tam iş saatından sonra qalan müddət də bir saatdan az olduqda tam saat kimi hesablanacaq.

Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanan saatlıq tarifdən yüksək müəyyən edilməsi təklif olunur. Natamam iş vaxtı ilə çalışan və aylıq maaş alan işçilərin əməkhaqqı isə minimum aylıq əməkhaqqının onların iş vaxtına mütənasib hesablanan hissəsindən aşağı ola bilməz.

Əməkhaqqı işçinin seçdiyi bank hesabına köçürüləcək

Layihə əməkhaqqının və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsilə işçinin seçdiyi bank hesabına köçürülməsini də nəzərdə tutur. Məqsəd ödənişlərin vaxtında və qanunvericiliyə uyğun aparılmasına nəzarəti gücləndirmək, qeyri-formal məşğulluğun qarşısını almaqdır.

Dəyişikliklərə əsasən, gələcəkdə əmək ödənişləri üzrə rüblük bəyannamələrin aylıq məlumatlarla əvəzlənməsi, məcburi dövlət sosial sığorta haqlarının fərdi hesablara avtomatik daxil edilməsi və işçilərin öz gəlir tarixçəsinə çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Ezamiyyət, məzuniyyət və əmək qabiliyyətinin itirilməsi hallarında orta əməkhaqqının da avtomatik hesablanması planlaşdırılır.

Minimum məzuniyyətin kompensasiya ilə əvəzlənməsi qadağan edilə bilər

Layihədə minimum əmək məzuniyyətinin 21 təqvim gününün pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi istisna təşkil edəcək. Məzuniyyətin tam və ya qismən başqa vaxta keçirilməsinə əsas verən hallar da layihədə dəqiqləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!