Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında ciddi rol oynayan qurum Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD-dır. Bu qurum zəlzələ, daşqın, meşə yanğınları və digər fövqəladə vəziyyətlərdə axtarış, xilasetmə və yardım səylərini koordinasiya edir.
Modern.az AFAD-la bağlı önəmli məqamları diqqətə çatdırır.
1999-cu ildə 17 mindən çox insanın ölümünə səbəb olan zəlzələ Türkiyənin təbii fəlakətlərə yanaşmasında dönüş nöqtəsi yaratdı. Hökumət tikinti qaydaları və fəlakətlərin idarə edilməsi istiqamətində ciddi islahatlara başladı.
2009-cu ildə fəlakətlərin idarə edilməsi və koordinasiyası üçün AFAD yaradıldı. Agentlik Türkiyə daxilində axtarış, xilasetmə və yardım səylərini, habelə Ankaranın beynəlxalq yardım əməliyyatlarını koordinasiya etmək üçün hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında əsas əlaqə rolunu oynayır.
Türkiyə parlamentar idarəetmə sistemi ilə idarə edilən zaman AFAD birbaşa Türkiyə Baş nazirinə tabe idi. Prezident üsul-idarəsinə keçid etdikdən sonra Agentlik Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyinə verildi.
AFAD həm də təbii fəlakətlərdən sonra yardımlar toplamaq səylərini əlaqələndirmək vəzifəsini daşıyır. Təşkilat zəlzələlərə hazırlığı artırmaq və zəlzələ riskini azaltmaq üçün zəlzələ tədqiqat proqramı yaradıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə Türkiyənin 81 vilayətində AFAD-ın 7323 personalı olub. AFAD könüllülərinin sayı 2019-cu ildə 51 min nəfər olsa da, ötən il bu rəqəm 600 mini keçib. Agentliyin 2023-cü il büdcəsi 8,08 milyard lirə (429 milyon dollar) təşkil edib.
AFAD qrupları 2022-ci ildə Qara dəniz regionunda mədən faciəsi, qərbdə meşə yanğınları, sel və zəlzələlər daxil olmaqla 5300-ə yaxın fəlakətlə mübarizə aparıb. Eyni zamanda AFAD qrupları 2020-ci ildə İzmir şəhərində 100-dən çox insanın ölümünə səbəb olan zəlzələ, həmçinin 2021-ci ildə Qara dənizin şimalında baş verən daşqınlarla mübarizədə fəal iştirak edib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, AFAD keçən il Türkiyədən kənarda 12 ölkəyə 11,4 milyon dollar dəyərində yardım edib.
Akif İsmayılov