"Bu gün Türkiyə hökumətinə və Prezidentə qarşı çıxanlar var. Bu, təbii haldır".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bizi tənqid edə bilərlər, bunu normal qarşılayırıq. Amma xalqı provakasiya etmək, yanlış məlumatlar yaymaq yaxşı niyyətdən xəbər vermir. Belə çətin vəziyyətdə sosial şəbəkələrdə yayılan məlumatlara cavab verməklə məşğul olduğumuz üçün məyusuq", - deyə XİN başçısı müxalifətin zəlzələ ilə bağlı ittihamlarına cavab verib.
Qeyd edək ki, Türkiyə müxalifəti ölkədə baş vermiş dəhşətli zəlzələdən sonra hakimiyyətə qarşı təzyiqləri gücləndirib. Mövcud vəziyyətin yaranmasına görə Ərdoğan iqtidarını günahlandıran müxalif düşərgə seçki ərəfəsində öz mövqeyini möhkəmləndirməyə və hakimiyyətə yiyələnməyə çalışır. Bəzi ekspertlərin fikrincə, Türkiyədəki zəlzələ Ərdoğanın nüfuzunun zəifləməsinə, onun rəqiblərinin isə güclənməsinə səbəb ola bilər. Bununla belə, hazırkı prezidentin zəlzələ sınağından üzüağ çıxacağını düşünənlər də az deyil.